Bərdə rayonunda polis əməkdaşı, 1994-cü il təvəllüdlü Feruz Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
Qeyd edək ki, ötən il dekabrın 10-da Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Bazarstore” mağazasının qarşısında Bərdə rayon sakini, 1980-cı il təvəllüdlü Nicat Allahverdiyevin bıçaqlanması barədə barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib.
İlkin istintaqla Feruz Əhmədovun şəxsi münasibət zəminində borc üstündə aralarında yaranmış mübahisə zamanı Nicat Allahverdiyevi bıçaqla vuraraq qəsdən adam öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib.
Feruz Əhmədov dekabrın 11-də qeyd edilən cinayəti törətməkdə şübhəli bilindiyinə görə tutularaq istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən Feruz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Feruz Əhmədov Bərdə rayon polis şöbəsində polis əməkdaşı olub. O, hadisədən bir neçə gün əvvəl öz istəyi ilə daxili işlər orqanlarından xaric olunub.