29 Mart 09:55
441

Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il noyabrın 15-də Gəncə şəhəri Cavadbəy Şıxlinski küçəsində baş verib. Əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Yusif Dadaşov sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovla mübahisə edib.

Mübahisə nəticəsində Yusif Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.
Mübariz Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Yusif Dadaşov saxlanılıb.

İstintaq araşdırması zamanı baş verən qətl hadisəsinin təfərratı məlum olub.

Oğul fəhlə, atası isə usta işləyirmiş. Mərhum evə içkili halda gələn oğluna “piyansan, get yat, sabah işə gedəcəksən” deyib. Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. Bu zaman oğul bıçaqla Mübariz Dadaşova zərbə endirib.
İstintaq orqanı tərəfindən Yusif Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən Yusif Dadaşov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, hadisə zamanı sərxoş olub.

Təqsirləndirilən hadisənin baş verməsindən peşmançılıq hissi keçirdiyini deyib.

Növbəti proses aprelin 21-də davam edəcək.


Müəllif: Hacı Zeynalov