Borc üstündə qonşusunu kürəyindən vurmaq istədi
Şəki Apelyasiya Məhkəməsində Ağdaş rayon sakini, 1975-ci il təvəllüdlü Vüqar Sənhanovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Vüqar Sənhanov 2014-cü il mayın 9-da, saat 23:00-da həmyerlisi Əziz Abbasovla pul borcu üstündə mübahisə edib.
Onların mübahisəsi Ağdaş rayon Polis Şöbəsinin qarşısında baş verib. Həmin vaxt Əziz Abbasov onların yanından qaçmaq istəyib. Bu zaman Vüqar özündə olan ov bıçağını Əziz Abbasovun arxasınca atıb. Həmin vaxt polis əməkdaşlarının “əyil” deməsindən sonra bıçaq Əziz Abbasovdan yan keçib. Vüqar Sənhanov isə polis əməkdaşları tərəfindən həbs edilib.
Vüqar Sənhanov Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddəsi ilə ittiham edilib. Ağdaş rayon Məhkəməsinin hökmü ilə Vüqar Sənhanov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Vüqar Sənhanov apelyasiya şikayəti verib. O, şikayətində barəsində həbs olmayan cəzanın təyin edilməsini xahiş edib. Şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Özünü ittiham üzrə təqsirli bildiyini deyən Vüqar Sənhanov deyib ki, Əziz onun həmkəndlisidir:
“Əvvəllər aramızda heç bir vaxt söz-söhbətimiz olmayıb. Təxminən 7-8 il bundan əvvəl həmkəndlim Məbudla birlikdə Rusiya Federasiyasında şərikli meyvə alveri etmişik. Həmin vaxt yanımıza gələn Əziz bizdən nisyə meyvə alıb. Bununla əlaqədar Əzizin bizə 900 ABŞ dollar borcu qalıb. O, bu günə qədər həmin pulu verməyib. Mayın 9-da Əzizə telefon açdım, lakin ona zəng çatmadı. Həmin gün axşam saat 23:00-da magistral yolun kənarında Əzizin avtomobillə keçdiyini gördüm. Pulumu istəmək üçün ona avtomobili dayandırmasını işarə etdim. Buna baxmayaraq, Əziz avtomobili saxlamadı. Əksinə, o, avtomobilin surətini daha da artırdı. Əzizin bu hərəkəti mənə çox pis təsir etdi və əsəbləşdim. Aradan bir az keçəndən sonra polis əməkdaşları mənə zəng vurdular. Onlar Əzizi hədələməyim barədə rayon polis şöbəsinə şikayət etdiyini bildirdilər. Bundan sonra Əzizin rayon Polis şöbəsinə əsassız şikayət etməsindən əsəbləşdim. Rusiya Federasiyasından gətirdiyim bıçağı götürərək polis şöbəsinin qarşısına gəldim. Həmin vaxt Əzizin şöbənin qarşısında olduğunu gördüm. Onu qorxutmaq məqsədi ilə bıçaqla üstünə qaçdım.
Əziz isə məni görən kimi oradan qaçmağa başladı. Ona çata bilməyəcəyimi gördüyüm üçün bıçağı onun arxasınca atdım. Həmin vaxt onu öldürmək və ya xəsarət yetirmək fikrim olmayıb. Əgər belə bir fikrim olsaydı, polis şöbəsinin qarşısında bunu etməyə ehtiyac yox idi. Onu kənddə öldürə və ya xəsarət yetirə bilərdim. Əzizə bıçaq atarkən aramızda 20-25 metr məsafə olub. Həmin anda hər hansı bir nalayiq söyüş işlətməmişəm. Hazırda əməlimdən peşmanam. İlk dəfə cinayət əməli törətməyimi, əməlimdən səmimi peşmançılıq çəkməyimi və himayəmdə üç azyaşlı uşağın olmasını nəzərə almanızı xahiş edirəm”.
Vüqar Sənhanovun vəkili Ehtibar Abdullayev Ağdaş rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini istəyib. Vəkil Vüqar Sənhanovun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edib. Tərəfləri dinləyən hakimlər sonda qərarı açıqlayıb.
Qərara görə, onun apelyasiya şikayəti qismən təmin edilib və birinci məhkəmə instansiyasının hökmü dəyişdirilib. Yeni hökmə əsasən, Vüqar Sənhanovun barəsində 5 ay 24 gün müddətinə islah işləri cəzası hökümü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov