24 Aprel 2020 14:30
2 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Mətanət Məmmədova və 1983-cü il təvəllüdlü Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Mətanət Məmmədova 2018-ci ilin avqust ayında İran İslam Respublikasında olarkən tanışı Samir Əliyev və şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə külli miqdarda narkotik əldə etmək barədə razılığa gəliblər.

Mətanət Məmmədova Samir Əliyevlə 27 avqust 2018-ci ildə İranın Aslandüz şəhərinə gedib, orada narkotik şəbəkəsinin başçısı ilə görüşüblər.

Dəstənin başçısı narkotiki Mətanət Məmmədovanın Azərbaycana keçirməsi, Bakı şəhərində Samir Əliyevə verməsi barədə razılıq əldə ediblər. İstintaqa adı məlum olmayan narkotik şəbəkəsinin başçısı bu işləri görməsi üçün Mətanət Məmmədova və Samir Əliyevin hər birinə 500 manat verəcəyini bildirib.

Daha sonra Samir Əliyev və Mətanət Məmmədova Azərbayana qayıdıblar. Mətanət Məmmədova əldə olunmuş razılıq əsasında işini görməsi üçün sentyabrın 5-də yenidən İrana gedib. Orada cinayətkar şəbəkənin üzvündən 6 ədəd bükümdə, ümumi təmizçəkisi 292,5 qram olan narkotik vasitə hesab olunan heroin götürüb. O, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 ədəd bükümü daxili orqanı-cinsiyyət orqanında, digər 3 ədəd bükümü isə düz bağırsağında yerləşdirib.

O, həmin gün saat 18.20-də Biləsuvar gömrük postunda Azərbaycannın gömrük sərhədindən gizli keçərkən yaxalanıb.

Davam etdirilən əməliyyat nəticəsində Samir Əliyev noyabrın 23-də Bakı şəhərində həbs edilib.

İstintaq orqanı tərəfindən Mətanət Məmmədova və Samir Əliyevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 8 il, Mətanət Məmmədova 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Mətanət Məmmədova barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Samir Əliyev isə İrana getmədiyini əsas gətirib və barəsində olan Cinayət Məcəlləsinin 206.2.3-cü maddəsi ilə bəraət verilməsini, digər maddələr üzrə isə cəzasının yüngülləşdirilməsini xahiş edib.

Təqsirləndirilən şəxslərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər