Masallı rayonunda arvadına xəsarət yetirən 1984-cü il təvəllüdlü Ələddin Dövlətovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ələddin Dövlətov 29 iyun 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı Masallı rayonu, Həsənli kəndindəki evin birinci mərtəbəsindəki mətbəxdə ayaqqabılarının təmizlənməsi ilə bağlı arvadı Almaz Dövlətova ilə mübahisə edib.
Mübahisə zamanı Ələddin Dövlətov yumruqla öncə Almaz Dövlətovanın ağız nahiyəsinə, daha sonra sifətinin sol hissəsinə zərbələr vuraraq ona xəsarətlər yetirib.
Ələddin Dövlətov barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Masallı rayon Məhkəməsinin hökmü ilə Ələddin Dövlətov aylıq qazancından 15 faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Almaz Dövlətova apelyasiya şikayəti verib. O, əri barəsində olan hökmün dəyişdirilməsini, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını istəyib. Qeyd edib ki, hadisə azyaşlı övladlarının gözləri qarşısında olub. O bildirib ki, əri onu öldürmək istəyib, amma bıçağı əlindən qızı alıb.
Almaz Dövlətovanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Şikayət təmin olunmayıb.