5 İyul 2020 10:54
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda narkotik alverində ittiham olunan Mehman Mehdiyev, Mayıl Dibirov, Eldar Mustafayev, Rauf Muquşov, Osman Muquşov, Səfər Mustafayev, Bəşir Qorodayev, Elnur Nusalov və Zahid Dibirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 28-nə təyin olunub.

İttihama görə, Balakən rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə saxlanılıb.

Rayonun Gərəkli kəndi yaxınlığında, dağlıq meşəlik ərazidə narkotik tərkibli bitki hesab edilən çətənə kollarının əkildiyi bir neçə sahə aşkar edilib.

Rayonun Gərəkli və Mahmalar kənd sakinləri olan Rauf Muquşov, onun oğlu Osman Muquşov, Mehman Mehdiyev və Mayıl Dibirov qabaqcadan əlbir olaraq dağlıq-meşəlik ərazidə ümumi çəkisi 76 kq 763 qr olan 130 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin sahələrin kənarlarından isə 13 kq 144 qr qurudulmamış, 2 kq 598 qr qurudulmuş halda olan narkotik vasitə hesab edilən marixuana aşkar edilib.

Məlum olub ki, rayonda narkobaron kimi tanınan rayonun Gərəkli kənd sakini Eldar Mustafayev, Mahamalar kənd sakini "Bete" ləqəbi ilə narkobaron Sabir Malaxov, onun həmkəndlisi Yaşar Nəsibov, Gərəkli kənd sakini "Kotu" ləqəbli narkobaron Rasim Dibirov, Mahamalar kənd sakini “Meşə kralı” ləqəbli narkobaron Mehman Mehdiyev meşə massivində istixanada təxminən 800-dək narkotik tərkibli çətənə şitillərini aqrotexniki qaydada qulluq edərək becəriblər.

Sonradan Mehman .Mehdiyevin həmkəndlisi Rauf Muquşov ilə birlikdə həmin istixanadan 215 ədəd narkotik tərkibli çətənə bitkisi şitillərini oğurlayıblar.

Mehman Mehdiyevin razılığı ilə Rauf .Muquşov həmin şitilləri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Mayıl Dibirov azadlıqda olduğu zaman ona verib.

Mayıl Dibirov narkotik tərkibli çətənə bikisinin şitillərini rayonun Gərəkli kənd sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına baxmayaraq, məsuliyyətdən yayınmağa müvəffəq olmuş Elnur Nusalov ilə birlikdə meşə ərazisində əkib-becərdikləri məlum olub.

Əməliyyat zamanı Eldar Mustafayev və onunla birlikdə həmin bitkiləri becərən Bəşir Qorodayev, Zahid Dibirov və Nail Dibirov həbs edilib.

Onların digər ərazidə olan təxminən 300 ədəd narkotik tərkibli bitkinin isə məhv edildiyi müəyyən olunub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 188.1-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.2-ci (təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 237.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə), 237.2.2-ci (təkrar qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü (külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov