28 İyul 2020 09:22
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda kütləvi davanın iştirakçıları – Yaşar Mövsümov və Rəman Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Yaşar Mövsümovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda isə Rəman Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, iyulun 25-də saat 19 radələrində Xırdalan şəhəri ərazisində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları bıçaq xəsarətlərindən ölmələri, bir neçə şəxsin isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

İstintaqla Xırdalan şəhəri, İslam Səfərli küçəsində bir qrup şəxs – bir tərəfdən Məmməd Məmmədov və Xəlil Məmmədov, digər tərəfdən isə Tural Quliyev, Yaşar Mövsümov, İlqar Həsənəliyev, Rəman Mirzəyev və Hüseynağa Yaqubov arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər nəticəsində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları xəsarətlərdən ölmələri, hadisənin digər iştirakçılarının isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri müəyyən olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Yaşar Mövsümov Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü maddələrində, Rəman Mirzəyev isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda hadisənin digər iştirakçılarının stasionar şəkildə müalicələri aparılır.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov