“Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın cinayət işi hakim icraatına verib.
Teleqraf.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sdərlik etdiyi kollegiyada baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
İttihama görə, “Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılmaqla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlara əsasən Azadə Səfərovaya həmin Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.
Cinayət işi üzrə 41 nəfər zərərçəkmiş qismində tanınıb.
Həmçinin “Delta Group LTD” Məhdud Məsuliyyətli Cəmiyyətdə zərər görüb. MMC iş üzrə zərərçəkmiş qismində tanınıb.