Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Xıllı qəsəbə sakini Elmir Həmzəyev saxlanılıb.
Elmir Həmzəyevin qəsəbə ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 57 kiloqrama yaxın olan 40 ədəd çətənə kolu, eləcə də 1 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma aparılır.