Vəkil Adil İsmayılov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun necə saxlanması barədə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, E.Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib:
"Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam" - deyə vəkil bildirib.
Vəkil onu da qeyd edib ki, Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur: "O, ittihamları qəbul etmir, həbsini əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm".
Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.