Yuxu orqanizmin xüsusi vəziyyətidir. İnsanın sağlamlığının ümumi parametrləri yuxunun sağlam olub-olmamasından asılıdır. Yaşlı insanlar arasında yuxusuzluğun əsas səbəbi yuxunun müddətində deyil, onun keyfiyyətindədir.
Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, Çikaqo Universitetinin mütəxəssisləri 727 nəfər yaşlı adamın iştirakı ilə apardıqları tədqiqat çərçivəsində məhz belə qənaətə gəliblər. Hər bir iştirakçının rəyi soruşulub və o, aktiqrafiya, insanın hərəkət fəallığının qrafik təsviri, o cümlədən yuxuda fəallıq prosedurundan keçib.
Tədqiqatın nəticələrinə görə, könüllülərin çoxu gecə yeddi saatdan çox yatıb. Adətən insanın dilxor olmaması və özünü yorğun hiss etməməsi üçün bu, kifayətdir. Lakin rəyi soruşulanların 13 faizi etiraf edib ki, onlar çox nadir hallarda yuxudan məmnun qalırlar, alimlər tədqiqat iştirakçılarının 12 faizində yuxuyagetmə problemləri, hər üç könüllüdən birində isə qəfil gecə oyanmaları aşkarlayıblar.
Əldə edilmiş məlumatlara əsasən, alimlər belə nəticəyə gəliblər ki, yuxusuzluq və orqanizmin ümumi vəziyyəti təkcə yuxunun müddətindən deyil, həm də onun keyfiyyətindən asılıdır. Ciddi yuxu pozuntuları zamanı həkimə müraciət etmək lazımdır.