21 Oktyabr 2020 15:25
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən Simon Abbasovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Natiq Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 3-nə təyin olunub.

İttihama görə, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan 34 yaşlı Könül Abbasova qol və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Gəncədə qadının keçmiş əri tərəfindən yandırılmasına tərəflər arasında yaranmış mübahisə səbəb olub.

Belə ki, aprelin 4-də axşam saatlarında Gəncə şəhər Zərrabi küçəsi 631 ünvanındakı ata evində yaşayan 34 yaşlı Könül Abbasova keçmiş həyat yoldaşı Simon Abbasovun ona od vurması nəticəsində yanıq xəsarətləri alıb.

Uzun müddətdir, ayrı yaşayan tərəflər arasında boşanma məhkəməsi səbəbindən mübahisə yaranıb.

Bu zaman Simon Abbasov evdən çıxıb və bir müddət sonra geri qayıdaraq özü ilə plastik qabda gətirdiyi benzini Könül Abbasovun üzərinə tökərək ona od vurub. Qadının yaxınları onun paltarını söndürüblər.

Simon Abbasov hadisəni törətdikdən sonra qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

İstintaq orqanı tərəfindən Simon Abbasovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov