28 Oktyabr 2020 14:13
2 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Faiq Quliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Faiq Quliyev 17 oktyabr 2019-cu il tarixdə saat 12.30-da Zabrat-Maştağa yolunun üzərində yerləşən “Klub” çay evinin qarşısında bacısı Fərqiyyənin qeyri-rəsmi nikahda yaşadığı Ramin Mirzəyevlə onun “Daewoo Nexia” markalı avtomobilində mübahisə edib.

Mübahisə zamanı Faiq Quliyev özündə olan bıçaqla Ramin Mirzəyevə bir neçə zərbə vurub. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Faiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Ramin Mirzəyev hadisədən təxminən 2 il əvvəl bacısı ilə ailə həyatı qurub və onların birgə nikahdan bir övladları olub: “İlkin vaxtlarda münasibətləri normal olsa da, sonradan Ramin bacım döydüyünə görə onların arasında münaqişə yaranmağa başladı. Bacımla yeznəmin münasibətləri pisləşəndən sonra bir neçə dəfə onlara gəlmişəm. Raminlə danışaraq onları barışdırmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 15 oktyabr 2019-cu ildə bacısı yenidən evə qayıdıb: “Bacımdan nə problem olduğunu soruşdum. Raminin evdə münaqişə yaratdığını bildirdi. Bacıma heç bir söz demədim. İki gün sonra, yəni oktyabrın 17-də saat 12.30-da evdən çıxaraq marşrut avtobusu ilə “Koroğlu” metrostansiyasının yaxınlığına getdim. “Ayxan” marketin yanından keçdiyim zaman Raminin yolun sağ hissəsində dayandığını gördüm. Avtobusdan düşərək Raminə yaxınlaşdım. Onunla salamlaşdım, sonra ona avtomobilə oturmağı təklif etdim. Raminlə bacım arasında yaranan münaqişəyə görə danışmaq istədim.

Ramin razılaşdı, onun avtomobilinə əyləşdik. Ondan nə üçün bacımla yola getmədiyini soruşanda mənimlə kobud danışdı, məsələnin mənə aidiyyətinin olmadığını bildirdi. Ona birlikdə evə gedərək münaqişənin səbəbini müzakirə etməyi və barışmağı təklif etdim. Bu zaman Ramin məni təhqir etdi. Nalayiq sözlər deməməyi tələb etsəm də, o, sözümə qulaq asmadı, təhqirə davam etdi. Mən də əynimdə olan cins şalvarının cibindən bıçağı çıxardım və Ramini vurmaq istədim.

Lakin birinci dəfə bıçaq zərbəsi Raminin sol qoluna dəydi, ikinci dəfə isə onun sinə nahiyəsindən zərbə ilə vurdum və sonra da avtomobildən düşərək evə getdim”.

Faiq Quliyev qeyd edib ki, hadisə zamanı Raminə 2 dəfə bıçaqla xəsarət yetirib, törətdiyi cinayət əməlindən peşmandır.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ramin Mirzəyev bildirib ki, təqsirləndirilən şəxsin bacısı Fərqiyyə ilə qeyri-rəsmi olaraq 1 il 6 ay nikahda olub: “Həmin nikahdan bizim bir övladımız dünyaya gəlib. Fərqiyyə mənimlə qeyri-rəsmi nikahımızın 6-cı ayında ailəli olduğumu öyrəndi. Sonar aramızda münaqişə yaranmağa başladı. Aramızda dəfələrlə münaqişə olduğu üçün Fərqiyyəyə ayrılmaq istədiyimi dedim. O isə mənə hədə-qorxu gələrək rəsmi nikahda olan ailəmə mənimlə münasibəti olması barədə məlumat verəcəyini bildirdi.

Fərqiyyəni ayrılmağa razı salmağa çalışsam da, o mənim sözlərimə əhəmiyyət vermədi, ayrılacağım halda arvadıma və qayınatama məlumat verəcəyini söylədi”.

Ramin Mirzəyev qeyd edib ki, oktyabrın 17-də saat 12.30-da taksi fəaliyyəti göstərdiyi avtomobillə “Klub” kafenin qarşısında dayanıb: “Bu zaman Fərqiyyənin qardaşı Faiq mənə yaxınlaşdı və avtomobildə əyləşərək söhbət etməyi təklif etdim. Avtomobilə əyləşdikdən sonra Faiq nə üçün Fərqiyyə ilə ayrıldığımı soruşdu. Faiqə Fərqiyyənin özünü yaxşı aparmadığı üçün ondan ayrıldığımı dedim. Bu zaman əlimdə olan mobil telefon yerə düşdü.

Mobil telefonu götürdüyüm zaman qəflətən Faiq bıçaqla mənə zərbə vurdu. Özümü müdafiə etmək istəyəndə bıçaq qoluma dəydi. Sonra Faiq ikinci dəfə bıçaqla mənə zərbə vurdu. Faiqin bıçaqla vurduğum ikinci zərbə sinəmə dəydi. Sinəmi tutaraq qan gəldiyini gördüm. O isə sinəmdən qan gəldiyini görüb avtomobildən düşdü və getdi”.

Ramin Mirzəyev deyib ki, hadisə ilə bağlı dayısına məlumat verib, dayısı onu xəstəxanaya çatdırıb. İfadəsinin sonunda qeyd edib ki, Faiq onun xəstəxana xərclərinə köməklik göstərib, bu səbəbdən təqsirləndirilən şəxslə barışıb və ona qarşı heç bir şikayəti yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər