17 Oktyabr 2014 12:15
2 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qatil mənəm, sizsə günahsız bir şəxsi həbsə göndərirsiz"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Yusif Məhərrəmovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, ötən il avqustun 30-da Knyaz Knyazlı Bakı sakini Ceyhun Məqsədovu bıçaqlayıb. Hadisə “Xətai” metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan Ceyhun Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra ölüb. Yusif Məhərrəmov da hadisənin iştirakçısı olub.



Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Knyaz Knyazlı son söz deməkdən imtina edib. Daha sonra son söz deyən Yusif Məhərrəmov bildirib ki, Knyaz Knyazlıya günahsız yerə qəsdən adam öldürmə maddəsi ilə mühakimə edilir: “Cinayəti mən törətmişəm. Amma mənə öldürmək barədə ittiham verilməyib. Belə olan halda günahsız bir şəxs həbsə göndərilir. Mən isə cinayət törətdiyim halda azadlığa buraxılıram. Qatil mənəm, cəzamı da çəkməyə hazıram. Günahsız bir adamı həbsə göndərmək vicdandan deyil. Belə ədalətsizlik olmaz. Cinayəti törədən azadlığa buraxılır, günahı olmayan şəxsə 10 il cəza verilir. Mərhumun ailəsinə qan lazımdır? Mən azadlığa çıxıram. Mənlikləri olsun, məndən övladlarının qisasını alsınlar”.


Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bu zaman Knyaz Knyazlının babası məhkəmə zalında Yusif Məhərrəmlinin qarşısında səcdə edib və ədalətli çıxış etməsinə görə, ona təşəkkürünü bildirib. Knyaz Knyazlının babası bunları deyib: “Yusif ədalətli danışır, haqqı deyir. Amma ona qulaq asan yoxdur. Hərə öz bildiyini edir. Mənim nəvəm qatil deyil”.

Bir neçə saatdan sonra məhkəmə zalına qayıdan hakimlər hökm elan ediblər. Məhkəmənin hökmü ilə Knyaz Knyazlı 10 il müddətinə azadlıqdan məhrum edilib. Yusif Məhərrəmli isə 1 il cəza alıb. Onun həbsdə yatdığı günlə təyin olunan cəza hesablanaraq məhkəmə zalından azadlığa buraxılıb.

Maraqlısı isə odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlığa buraxılan Yusif Məhərrəmov məhkəmədən çıxan kimi yenidən həbs edilib. Məlumata görə, Yusif Məhərrəmov Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, Yusif Məhərrəmovun başqa bir cinayət işində adı keçdiyi bildirilir. Hazırda Yusif Məhərrəmov Nəsimi rayon Polis İdarəsinə aparılır. Ona hansı ittihamın verildiyi açıqlanmır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər