İqtisadiyyat və Sənaye Nazirliyi (İSN)yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinq keçirib.
İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı qanun pozuntusu halları aşkarlanıb. Belə ki, Abşeron rayonunda Esmira Əsədova adlı şəxsə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub. O cümlədən Q.Qarayev prospekti, 61 ünvanında Səfər Süleymanova, B.Nuriyev küçəsində İntiqam Əliyevə, Hövsan qəsəbəsi Vüqar Məmmədova və Alim Məlikova məxsus mağazalarda, Şirvan şəhərində Yavər Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı məlum olub. Hövsan qəsəbəsində, Şirvan, Xaçmaz şəhərlərində, Quba, Lənkəran, Qəbələ şəhərlərində və Zaqatala saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacağı bildirilir. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Naibə QURBANOVA