Gədəbəy rayonunda qardaşına xəsarət yetirməkdə ittiham olunan 1961-ci il təvəllüdlü Sümbül Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sümbül Quliyeva Çobankənd kəndində yaşadıqları evdə mübahisə zamanı qardaşı Azad Quliyevi taxta parçası ilə vurub, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Sümbül Quliyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sümbül Quliyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır: “Qardaşım Azadla əvvəllər münasibətim yaxşı olub. 2020-ci ilin yanvar ayında yaşadığım ata evinə köçəndən sonra mülk üstündə mübahisələrimiz başlayıb.
Hadisə baş verən günü səhər qardaşım Vəkillə yaşadığım evin həyətyanı torpaq sahəsinə kartof əkirdik. Qonşularımız Əvəz və İspəndiyar, qardaşım oğlu Vüsal da bizə kömək edirdilər. İşimizi qurtaqdıqdan sonra Əvəz, İspəndiyar və Vüsalla nahar etmək üçün evə keçdik. Qardaşım Vəkil bazarlıq üçün mağazaya getdi.
Həmin vaxt qardaşım Azad o biri otaqda maqnitofonun səsini qaldırdı, musiqi dinlədi. Azadı səsləyərək, “bu maqnitofonu aşağı elə, xalamız can üstündədir, camaat görür, yaxşı deyil” dedim. Azad o biri otaqdan “mənim kefim belə istiyir” dedi. Maqnitofonu söndürərək öz otağından çıxdı, mənim olduğum otağa gəldi. Məni təhqir edərək əlindəki odun parçasını üstümə atdı. Mən kənara çəkildim və odun parçası divara dəydi. Sonra qaçaraq digər otağa keçdim.
Azad ardımca həmin otağa gəldi və saçımdan tutaraq sürüdü, məni yemək yediyimiz otağa gətirdi. Əvəz və Vüsal Azadı tutdu, sakitləşdirməyə çalışdılar. Azad Vüsalı görəndə “sən burda nə gəzirsən” dedi və masanın üstündə olan plastik fincanı götürərək Vüsalın üstünə atdı. Fincan Vüsala dəymədi.
Azadın hərəkətlərindən əsəbiləşdim. Yerdə olan odun parçasını götürərək Azadın başına atdım. Odun Azadın baş nahiyəsinə dəydi, başından qan gəldi. Bu vaxt qardaşım Vəkil mağazadan qayıtdı və Azadı sakitləşdirərək apardı”.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Sümbül Quliyeva aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah cəzasına məhkum edilib.