19 Noyabr 2020 14:37
3 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan 1992-ci il təvəllüdlü İmişli rayon sakini Tünzalə Mənəflinin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Tünzalə Mənəfli qadınları maddi imkansızlığı ilə əlaqədar aldadaraq və hədə-qorxu ilə məcbur edərək onları cinsi istismara cəlb edib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-3.4-cü (İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

“Özümə pul götürməmişəm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tünzalə Mənəfli ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Sabunçu qəsəbəsində yerləşən kafedə ofisiant işlədiyi vaxt Mətanət adlı qadınla tanış olub:

“Mətanət (cinayət işində zərərçəkmişlərin adları şərti verilib – red.) mənə əvvəllər Türkiyəyə gedib-gəldiyini, orada yaşadığını, İstanbul şəhərində fahişəliklə məşğul olduğunu, istədiyi halda İstanbul şəhərində fahişəliklə məşğul ola biləcəyini bildirdi. O, 2016-cı ildə mənimlə birlikdə İstanbul şəhərinə gedərək orada müştəriləri ilə cinsi əlaqədə oldu.

Mətanəti pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etməmişəm, pulundan özümə pay götürməmişəm”.

“Müştərilər mənimlə telefon əlaqəsi saxlayırdı”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddətdən sonra Mətanət Tokat vilayətində müştəriləri tapmağın rahat olduğunu, həmin şəhərə getmək istədiyini deyib: "Mətanət Zümrüd adlı şəxslə danışdıqdan sonra Tokat vilayətinin Zile bölgəsinə getdi. Orada Zümrüdün mənzilində qalırdı. O, əvvəllər Zile bölgəsində olduğu üçün orada tanış müştəriləri çox idi. Mətanət mənim Türkiyədə istifadə etdiyim mobil nömrəni həmin şəxslərə verdi, onlar mənimlə telefon əlaqəsi saxlayaraq Mətanətlə cinsi əlaqədə olurdular.

Həmin vaxtdan mütəmadi olaraq Tokat vilayətinin Zile bölgəsinə gedib-gəlməyə başladıq. Zile bölgəsində Aynurə Şikarova ilə rastlaşdım. O, Tokat vilayətində qadınları fahişəliyə cəlb edirdi, yanında müxtəlif qadınlar vardı.

Aynurə müştərilərlə cinsi əlaqədə olmağı təklif edəndə etiraz etməmişəm. Aldığım pulun yarısını ona vermişəm, yarısını isə özümə götürmüşəm”.

Tünzalə Mənəfli qeyd edib ki, Aynurə onu 2016-cı ilin noyabr ayının ortalarından etibarən cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim edib: “Aynurənin orada fahişəliyə cəlb etdiyi qadınların anket məlumatlarını unutmuşam. 2017-ci ilin mart ayının əvvəllərində Aynurə vasitəsilə Kadir adlı şəxslə tanış olaraq Zile bölgəsində bir yerdə yaşamağa başlamışam. Bundan sonra Aynurənin müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmamışam”.

“Qızım xəstələnib, pul ver, yoxsa...”

Tünzalə Mənəfli qeyd edib ki, Aynurə digər zərərçəkmiş Səliməni 2018-ci ildə pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim edib: “Səlimə ilə bir neçə dəfə ünsiyyətdə olsam da, onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməmişəm.

2019-cu ilin mart ayının əvvəllərində Tokat vilayətinin Zile bölgəsində Kadirin yaşadığı mənzildə olduğum vaxt Aynurə Şikarovadan mənə zəng gəldi. O, polis tərəfindən Azərbaycana deportasiya olunduğunu, mənzilində Lamiyə adlı qadını yanıma aparmağı, bir neçə gün saxlamağımı xahiş etdi. Aynurə ilə münasibətim yaxşı olduğu üçün etiraz etmədim.

Kadirin maşını ilə gedib Lamiyəni Aynurənin mənzilindən götürərək yaşadığım evə gətirdim. Lamiyə 500 dollar pul olduğunu, həmin pulu saxlamağımı xahiş etdi. Eiraz etmədim, pulu saxlamaq üçün Kadirə verdik. Növbəti gün həmin pulu bir yerdə poçtdan Azərbaycana Lamiyənin anasına göndərdik.

Lamiyə yaşadığım mənzildə bir həftə qaldı. O, anası ilə telefonla danışdıqdan sonra Azərbaycana getdi. Bundan sonra mənim onunla hər hansı əlaqəm olmadı. Lamiyənin pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməmişəm. Ümumiyyətlə onu fahişəliyə cəlb etməmişəm.

Azərbaycana gələndən sonra Lamiyənin anası mənimlə telefon əlaqəsi saxlayaraq qızının evimdə soyuqladığını, onlara pul göndərməyimi, qızını müalicə elətdirmək istədiyini bildirdi. Pulumun olmadığını dedikdə o, məndən polisə şikayət edəcəyini söylədi”.

“Mənim yanına çağırdı”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mətanət Səmədova bildirib ki, 2015-ci ildə Sabunçu qəsəbəsində tək kirayədə yaşamağa, kafelərdə xadimə kimi işləməyə başlayıb:

“Həmin ərəfədə Sabunçu qəsəbəsində “Bakı” adlı kafeni işlədən Zümrüd Qurbanova ilə tanış oldum, arada Zümrüdün işlətdiyi kafedə də təmizlik işləri görürdüm. Təxminən 2017-ci ilin sonlarında Zümrüd işlətdiyi kafenin fəaliyyətini saxlayaraq Türkiyəyə getdi. 2018-ci ilin yanvar ayının əvvəllərində Zümrüd mənimlə votsap vasitəsi ilə əlaqə saxlayaraq Türkiyənin Tokat bölgəsinin Zile qəsəbəsində olduğunu, tikiş fabrikində işlədiyini, yüksək gəlir əldə etdiyini bildirərək, mənim yanına gəlməyimi təklif etdi.

Ona xarici pasportumun və yol pulumun olmadığını dedim. Mənə pasport alacağını və yol pulunu ödəmək üçün pul göndərəcəyini bildirdi. Bundan sonra razılaşdım, bir neçə gün sonra Zümrüd öz adından mənim adıma 150 dollar pul göndərdi”.

“İntim video görüntüləri yayacağı ilə məni hədələdi”

Mətanət Səmədovanın sözlərinə görə, bundan sonra pasport almaq üçün ASAN xidmətə müraciət edib: “Pasportumu aldıqdan sonra avtobusla Şıxlı sərhəd-buraxılış məntəqəsindən keçərək Türkiyəyə getdim. Zümrüd məni qarşılayaraq Zile qəsəbəsində kirayə tutduğu mənzilə apardı. Mənzildə Şəlalə adlı qadın da vardı. Orada Zümrüd pasportumu aldı, mənə işlə bağlı qeydiyyata düşmək üçün pasport lazım olduğunu dedii.

Ondan harada işləyəcəyimi soruşdum. Mənim üçün hələlik uyğun iş olmadığını, Şəlalə kimi tanış kişilərə intim xidmətlər göstərəcəyimi, bununla borcumu ödəyəcəyimi və özümə də pul qazanacağımı bildirdi. Belə razılaşmadığımızı, heç vaxt belə iş görmədiyimi bildirərək etiraz etdim. Zümrüd isə razılaşmayacağım halda başıma oyun gətirəcəyini, yalnız borcumu ödədikdən sonra gedə biləcəyimi dedi. Mən də məcbur razılaşdım.

Bundan sonra Zümrüd məni və Şəlaləni özü ilə otellərə apararaq tanışı olan kişilərə cinsi əlaqədə olmağımız üçün təqdim etməyə başladı. Zümrüdün tanışları ilə otellərdə cinsi əlaqədə olmuşam. Həmin otellərə məni Zümrüdün özü aparıb. Onun həmin kişilərdən nə qədər pul aldığını bilməmişəm. Mənə isə pul verməyib.

Zümrüdə geri qayıtmaq istədiyimi bildirdikdə, hələ borcumun olduğunu deyirdi. Həmin ərazidə polislər reyd keçirdiklərindən baş verənlər barədə heç kimə heç nə deməmək şərti ilə Azərbaycana qayıtmağıma icazə verdi. Dediklərini etməyəcəyim halda kişilərə intim xidmətlər göstərən zaman çəkmiş olduğu video görüntüləri internetdə yayacağı ilə məni hədələdi”.

“Yüksək maaşlı iş tapacağını dedi”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Lamiyə qeyd edib ki, 2016-cı ilin dekabr ayının əvvəllərində metronun Qara Qarayev stansiyasının yaxınlığında yerləşən adını unutduğu gözəllik salonunda Asilə adlı qadınla tanış olub:

“Həmin vaxt Asilə Türkiyənin Amasiya şəhərinin Merzifon rayonuna getdiyini, mənim də Merzifon rayonuna gəlsəm, Aynur adlı tanışının iş tapmaqda kömək edə biləcəyini bildirdi. Maddi vəziyyətimin yaxşı olmadığı və işə ehtiyac duyduğum üçün Asilə ilə razılaşdım.

2017-ci il fevralın əvvəllərində votsapla Asilə ilə əlaqə saxladım, Asilənin yanına getmək istədiyimi, lakin pulum olmadığına görə pasport ala bilmədiyimi dedim. O da Aynurə ilə danışdığını, Aynurənin yanına gəldiyim halda mənə yüksək maaşlı iş tapacağını dedi.

Asilə mənə bacısının yaşadığı mənzilə getməyimi, bacısının mənə 100 dollar pul verəcəyini, lakin Türkiyəyə gəldikdən sonra həmin pulu qaytarmalı olacağımı söylədi. Asilənin sözüylə bacısının yaşadığı mənzilə gedərək adını bilmədiyi qadından 100 dollar aldım”.

“Həqiqətləri deyə bilmədiyini dedi”

Lamiyənin ifadəsinə görə, “Asan Xidmət”dən pasport alıb: "Sonra Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Gürcüstana, oradan da Türkiyənin Amasiya şəhərinin Merzifon rayonuna getdim. Orada məni Asilə ilə Asilənin əmisi qızı Aynurə qarşıladı, kirayədə yaşadıqları 2 mərtəbəli binanın ikinci mərtəbəsinə apardılar. Aynurə işlə bağlı qeydiyyata düşmək lazım olduğunu dedi, pasportumu aldı. Aynurədən harada işləyəcəyimi soruşdum. Aynurə iş olmadığını, tanışı olan müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacağımı bildirdi. Ona fahişəliklə məşğul olmaq üçün gəlmədiyimi, mənə normal iş söz verdiklərini dedim.

Aynurə dediklərini etməsəm pasportumu cıracağını, polisə fahişəliklə məşğul olmağım barədə məlumat verib, məni tutduracağını, ömrümün sonuna qədər Azərbaycana qayıda bilməyəcəyimi bildirdi. Mən də qorxduğum üçün razılaşdım. Asilədən nə üçün məni aldatdığını soruşdum. Asilə başını aşağı salaraq Aynurənin hədə-qorxu gəldiyini, bu səbəbdən mənə həqiqətləri deyə bilmədiyini söylədi”.

Zərərçəkmiş qadının sözlərinə görə, bundan sonra Aynurə Asilə və onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməyə başlayıb: “Müştərilərdən alınan pulun çox hissəsini Aynurə özünə götürərək qalan kiçik hissəni bizə verirdi”.

“Məni müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başladım”

Lamiyə bildirib ki, 2017-ci il tarixədək Aynurə onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim edib, sonradan Asilə ilə birlikdə Azərbaycana qayıdıblar: “Aynurə məni yenidən yanına qayıtmalı olduğumu, yanına qayıtmadığım halda müştəriləri ilə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını dedi. Yaxınlarımın yanında rüsvay olmamaq üçün Aynurə ilə razılaşdım.

Bundan sonra avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyənin Amasiya şəhərinin Merzifon rayonuna, Aynurə və Asilənin kirayə yaşadıqları mənzilə gəldim. Orada əvvəlki qaydada Aynurə məni müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başladım. Təxminən on gündən sonra ünvanını bilmədiyim kafelərin birində təsadüfən Könül adlı qadınla tanış oldum. Könüllə münasibətim yarandığından əlaqə saxlamaq məqsədi ilə mobil telefonlarının nömrələrimizi biri-birimizə verdik.

Könülə Aynurə tərəfindən başıma gətirilənləri danışdım. Könül mənə Aynurəgilin yanından uzaqlaşmağı məsləhət gördü. O özü Merzifonda Mustafa adlı şəxslə ailəli idi”.

“Məni işə düzəltdi”

Lamiyə deyib ki, Könüllə əlaqə saxladığı zaman ona Merzifon şəhərinə gəlib, işləmək istədiyini deyib: “Könül mənə Merzifon şəhərinə gəlməyimi, istədiyim halda orada iş tapmaqda köməklik edəcəyini bildirdi. Mən də Merzifon şəhərinə gedərək kirayə mənzil tutdum, Könül məni salonda saç ustasının köməkçisi kimi işə düzəltdi. Bundan sonra Türkiyədə qalma müddətim bitdiyi üçün tez-tez Azərbaycana gəlib-qayıtdım.

Müxtəlif əşyalar almaq üçün 2018-ci ildə Doha şəhərinə getdim. Dohada bir neçə gün qaldıqdan sonra Azərbaycana qayıtdım. 2019-cu il tarixdə İrana həkimə getdim, sonra Bakı şəhərinə döndüm. Həmin ilin fevral ayının ortalarında Könüllə telefon əlaqəsi saxlayaraq Türkiyəyə getmək istədiyimi dedim. Bu zaman Könül mənə Azərbaycanda olduğunu, Türkiyəyə gedə bilmədiyini dedi”.

“Türkiyədə “Dəniz” kimi çağırılan qız gəldiyi zaman qapını açmağını söylədi”

Lamiyə qeyd edib ki, Könülün vasitəsi ilə Aynurə Şikarova ilə tanış olub: “Aynurə ilə danışaraq ona əvvəllər başıma iş gəldiyini, hər şeydən ehtiyat etdiyimi dedim. O da mənə narahat olmamağı məsləhət gödü. Türkiyənin Tokat şəhərinin Zilə rayonuna getdim. O, məni qarşıladı, kirayə yaşadığı mənzilə apardı. Pasportumu iş icazəsi üçün lazım olduğunu deyərək götürdü. Bundan sonra məni pul qarşılığında cinsi əlaqədə olacağımı bildirdi, müştərilərin olduğu ünvanlara aparmağa başladı.

Bir dəfə Aynurə mənə zəng etdi, əsl adı Tünzalə olan, Türkiyədə “Dəniz” kimi çağırılan qız gələndə qapını açmağı tapşırdı. Az sonra mənzilin qapısı döyüldü, gələnin Tünzalə olduğunu bildiyimə görə qapını açdım.

Tünzalə mənzilə daxil olaraq Aynurənin polislə problemi olduğuna görə onun mənzilinə gedəcəyimizi, pasportumu Aynurədən götürdüyünü dedi.

Tünzalənin tanışı, türk milliyyətindən olan, sonradan adının Kadir olduğunu bildiyim şəxsin maşınında getdik. Yolda Tünzalə mənə üstümdə olan pulların hamısını saxlamaq üçün Kadirə verməyimi bildirdi. Mən də Tünzaləyə inandığımdan özümə məxsus 2500 türk lirəsini, yəni təxmini hesablamasına görə 1000 manata yaxın pulu saxlaması üçün Kadirə verdim”.

“Bəzi günlərdə 12-13 kişi ilə cinsi əlaqədə olmuşam”

Lamiyənin ifadəsinə görə, onlar birlikdə Tünzalənin yaşadığı Tokat şəhərinin Zilə rayonunda yerləşən evə gəliblər: “Tünzalənin mənzilinə gələndən sonra mənim kişi müştəriləri ilə cinsi əlaqədə olacağımı dedi. Həmin gündən məni müştərilərə təqdim etməyə başladı. O məni müxtəlif ünvanlarına aparıb, cinsi əlaqədə olduqdan sonra geri qaytarıb, əldə olunan pulu isə saxlamaq üçün Kadirə verib.

Tünzalənin nəzarəti altında gündə təxminən 7-8, hətta bəzi günlərdə 12-13 kişi ilə cinsi əlaqədə olmuşam. Bir həftədən sonra Tünzalə yaşadığı evə Kadiri çağıraraq mənim payıma düşən pulları ondan aldı. Valyutadəyişmə məntəqəsində pulu dollara dəyişsək də, payıma düşən 1500 dolları alıb özündə saxladı”.

Lamiyənin ifadəsinə görə, səhəri günü anası ona zəng edib və pul lazım olduğunu deyib: “Bu barədə Tünzaləyə dedim. Tünzalə mənə cəmi 500 dollar verdi, onu anama göndərdim. Tünzalə mənə çatası 1000 dolları bir neçə günə verəcəyini dedi.

Həmin vaxt xəstə olsam da, Tünzalə mənə çay-çörək vermir, diqqət göstərmirdi. Anama zəng etdim, Tünzalə ilə danışmağı, pasportumu verməyəcəyi təqdirdə polisə şikayət edəcəyimizi bildirməyi tapşırdım. Bundan sonra Tünzalə məni avtobusla Azərbaycana yola saldı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tünzalə Mənəfli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov