30 Noyabr 2020 16:24
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan 1962-ci il təvəllüdlü Asif Abdullayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Asif Abdullayev Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən evin qarşısında qonşusu Elnur Qənbərli ilə mübahisə edib.

Mübahisə zamanı Asif Abdullayev sərxoş halda üzərində gəzdirdiyi bıçaqla Elnur Qənbərlini vurub.

İstintaq orqanı tərəfindən Asif Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif Abdullayev bildirib ki, hadisə baş verən günü günorta saatlarında qonşuluqda olan Cəfərin oğlu Mübarizin ərzaq mağazasına gedib: “Oradan 700 qramlıq bir şüşə araq və siqaret alıb evə qayıtdım. Axşam saat 19 radələrində atam Rüstəmlə oturub çörək yeyən zaman aldığım həmin 700 qramlıq arağı özüm tək içdim.

Saat 23 radələrində siqaret çəkmək üçün evin qarşısına küçəyə çıxdım. Daşın üstündə oturaraq siqaret çəkdim. Həmçinin balaca cib bıçağının dəstəyi qırıldığına görə evdən lenta götürdüm, bıçağın dəstək hissəsinə sarıdım. Bir neçə dəqiqə sonra qonşum Elnur küçə ilə keçən zaman məni gördü, yanıma gəldi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Elnur onun yanına gələn zaman içkili vəziyyətdə olub: “Elnur gəlib mənimlə salamlaşdı və yanımda əyləşdi. Söhbət zamanı ikimiz də içkili olduğumuza görə aramızda sözlə mübahisə yarandı və hər ikimiz ayağa qalxdıq.

Elnur ünvanıma nəlayiq ifadələr işlətməyə və mənə sataşmağa, məni ələ salmağa başladı. Mənə əl-qol atdı və başımda olan papağımı əliylə vuraraq yerə saldı, məni təhqir etdi. İçkili olduğuma görə Elnurun mənə qarşı etdiyi hərəkətlərdən bərk əsəbiləşdim, əlində olan bıçaqla onun döş qəfəsinin sağ tərəfindən bir dəfə vurdum. Sonra arxaya çəkildim, bıçağı cibimə qoydum. Elnur məndən aralaşaraq getdi. Mən isə evimə gəldim və yatdım. Səhərə yaxın iki nəfər polis əməkdaşı gəldi, məni şöbəyə apardı. Hadisə vaxtı orada Elnur və məndən başqa heç kim olmayıb”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Abdullayev 2 il sınaq müddəti olmaqla 2 il 8 ay 14 gün müddətinə şərti cəza alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər