19 Yanvar 2021 12:50
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun bu günə təyin olunan məhkəməsi baş tutmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 29-na təyin olunub.

Qeyd edək ki, Azərbaycanda məhkəmələr yanvarın 25-dən fəaliyyətini bərpa edəcək.

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqinin 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər