Oktyabrın 23-də saat 05 radələrində Gəncə şəhərinin D.Qorqud küçəsindən Oqtay Məmmədova məxsus içərisində 4000 manat olan “Maxima” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobili idarə edən sürücü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabeçilik göstərməyib hərəkəti davam etdirib və görülmüş tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində saxlanılıb.
Avtomobilin Oqtay Məmmədovun oğlu Samir tərəfindən idarə edilməsi və onun sərxoş halda olması müəyyən edilib. Avtomobilə baxış zamanı 2000 manat, sənədlər, müvafiq sənədləri olan ov tüfəngi, 14 ədəd patron, 4 ədəd giliz, habelə başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanları götürülüb.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov