Abşeron rayonunda hamilə arvadını öldürməkdə ittiham olunan Anar Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən ilin aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın boğazını kəsib.
Leyla Bəkirova aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. Leyla Bəkirovanın 8 aylıq hamilə olduğu məlum olub.
İstintaqa ifadə verən Anar Bəkirov törətdiyi əməli etiraf edib.
O, hadisəni qisqanclıq zəminində törətdiyini deyib.
İstintaq orqanı tərəfindən Anar Bəkirovun barəsində Cinayət Məcəlləsinni 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə mühakimə olunan şəxsi 14 ildən 20 ildək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.