İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu oktyabrın 27-də Ağsuda keçirilib.
Teleqraf.com-un məlumatına görə, Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil edilmiş qəbulda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Nazir qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqının fəaliyyətinə dəstək göstərilməsi, metal konstruksiyaların istehsalı, torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsi, sosial və s. məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Şahin Mustafayev qəbula gəlmiş sahibkarların əkinçilik, heyvandarlıq, arıçılıq, istixana təsərrüfatlarının yaradılması, üzümçülük təsərrüfatının genişləndirilməsi və s. sahələr üzrə təkliflərini dinləyib. Müzakirələr aparılaraq, investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşları da nazir qəbul edib. Ümumilikdə Ağsuda keçirilən qəbulda nazir 100-dən çox vətəndaşı qəbul edib.
Naibə QURBANOVA