29 Oktyabr 2014 15:50
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz ov zamanı baş verən cinayətə görə bir nəfər həbsə göndərildi

Şəki Apelyasiya Məhkəməsində meşədə törədilən qətldə təqsirləndirilən Oğuz rayon sakini, 1964-cü il təvəllüdlü Xalid Həsrətovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Xalid 26 yanvar 2014-cü il tarixdə, saat 10:00-da tanışları Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Arif Salehovla birlikdə ova gedib.

Onların hər biri ov tüfəngləri ilə silahlanaraq vurulması qadağan edilən maral cinsinə aid heyvanları ovlamaq qərarına gəliblər. Onlar Oğuz rayonu Xaçmaz kəndinin ərazisində yerləşən Oğuz meşəbəyliyinə gəliblər.

Xalid Həsrətov və digər şəxslər 2 saylı meşə dolayının "Böyuk Daş" adlanan ərazisində maral heyvanına atəş açıblar. Bununla da onlar təbiətə xeyli miqdarda ziyan vurublar. Eyni zamanda, Xalid Həsrətov odlu silahla ehtiyatsız davranıb. Onun açdığı atəş ov gözləyən Məmmədbağır Seydəliyevə dəyib və o, aldığı xəsarətdən ölüb.

Xalid Həsrətov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə), 258.2.3 və 258.3.2-ci (ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ov etmə) maddələri ilə ittiham edilib. Maarif Lətifov və Arif Salehov da Cinayət Məcəlləsinin 258.2.3 və 258.3.2-ci maddələri ilə təqsirli biliniblər. Cinayət işinə Oğuz rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xalid Həsrətov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin Xalid Həsrətov, Maarif Lətifov və Arif Salehovun hər birini iki min manat məbləğində cərimələyib.

"Rəsmi sənədləri olan ov tüfəngləri olub"

Hökmdən narazı qalan Xalid Həsrətov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Xalid Həsrətovun şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Xalid Həsrətov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Xalid Həsrətov bildirib ki, yanvarın 25-də yeməkxanada nahar zamanı Arif ona ova getməyi təklif edib: "Ertəsi gün Oğuz rayonunun Xaçmaz kəndinin yuxarı hissəsində yerləşən "Hacı Osman" bulağına yeyib-içməyə getdik. Bu zaman ov etmək qərarına gəldik. Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Arif Salehovla birlikdə Xaçmaz kəndinin yuxarı hissəsində yerləşən "Hacı Osman" bulağına yollandıq. Avtomobildə havanın işıqlanmasını gözlədikdən sonra Yusif Babayev və Əlövsət Salehov ocaq yandırmaq üçün orada dayandılar. Mən isə Arif Salehov, Maarif Lətifov və Məmmədbağır Seydəliyevlə birlikdə heyvan ovlamaq üçün dağa qalxdıq. Məndə rəsmi icazə sənədi olan ov tüfəngləri olub".

"Açdığım atəşlərdən sonra maral dərəyə yuvarlandı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, onlarda olan silahın sənədi olsa da, həmin gün ova getmək üçün heç bir rəsmi icazə almayıblar: "Bizim ova getmək üçün lisenziyamız olmayıb. Dağa qalxdıqdan sonra öz aramızda razılaşdıq ki, Məmmədbağır heyvanların bizə tərəf gəlməsini təmin edən olsun. Mən və digərləri isə həmin heyvanları ovlayaq. Bu səbəbdən Məmmədbağır dağın ətəyinə düşdü. O, məsafə baxımından mənə ən yaxın olub. Sonra Arif Salehov və Maarif Lətifov ayrı-ayrı yollarla Məmmədbağır Seydəliyevin heyvan sürəcəyi istiqamətə hərəkət etməyə başladılar. Özümdən 25-30 metr aşağıda maral heyvanı gördüm və həmin heyvana atəş açdım. Açdığım atəşlərdən sonra maral dərəyə yuvarlandı. Maralın aşağı tərəfə yuvarlandığını görən kimi əlimdəki tüfəng açıq vəziyyətdə saxlayaraq maralın ilk dayandığı yerə getdim. Maralın dərənin dibinə yuvarlanmadığını, onun buynuzunun ağaca ilişdiyini gördüm. Maralın olduğu yerə getmək üçün dağın sirti ilə aşağı doğru hərəkət etdim. Təxminən 5-6 dəqiqəyə maralın yaxınlığına çatdım. Maralın qəfildən yerindən sıçrayaraq buynuzunu ağacdan çıxardığını gördüm".

"Elə bildim ki, Məmmədbağır qayadan yıxılıb"

Xalid Həsrətov qeyd edib ki, həmin vaxt tüfəngi tuşlayaraq atəş açıb. Onun sözlərinə görə, açdığı atəşdən maral həmin yerdən dərənin dibinə yuvarlanaraq qalıb: "Bundan sonra maralın yanına çatanda, təxminən 2-3 metr aralıda xəzəlin içərisində nəyinsə tərpəndiyini gördüm. Tüfəngi yerə qoyaraq əlimlə xəzəli dağıdan zaman Məmmədbağırın yerə yıxıldığını və qan içərisində olduğunu gördüm. Bu zaman Arif Salehovu səsləyərək həmin yerə çağırdım. Məmmədbağırdan nə baş verdiyini soruşsam da, mənə cavab verə bilmədi. Həmin vaxt elə güman etdim ki, Məmmədbağır qayadan yıxılıb və üzünü daş kəsib. Təxminən 5 dəqiqə sonra Arif, bir qədər sonra isə Maarif həmin yerə gəldi. Birlikdə Məmmədbağırı dağdan düşürməyə başladıq. Həmçinin mobil telefonla Yusif Babayevə zəng vuraraq Məmmədbağırın xəsarət aldığını bildirdim. Ondan avtomobili mümkün qədər yaxına gətirməsini xahiş etdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt zəng edərək hadisə barədə Məmmədbağırın qohumlarına və Oğuz rayon Polis Şöbəsinə məlumat veriblər: "Bundan sonra Arif Salehovla ovladığım maralın olduğu yerə getdik. Heyvanı parçalayaraq meşədə qoyduqdan sonra geri qayıtdıq.

Məmmədbağırı dağdan düşürdükdə qohumları gəldi. Onun meyitini köməkləşərək "UAZ" markalı avtomobilə qoyduq. Cəsədi yolda bizi gözləyən polis əməkdaşlarına təhvil verdik. Meyit xəstəxanaya aparılaraq məhkəmə-tibbi ekspertizasından keçirildi. Məlum oldu ki, marala atdığım karteç patronu Məmmədbağıra da dəyib və Məmmədbağır aldığı xəsarətdən ölüb. Lakin bunun necə baş verdiyini hiss etməmişəm".

Xalid Həsrətov daha sonra qeyd edib ki, onun ailə üzvləri mərhum Məmmədbağır Seydəliyevin dəfn və yas mərasimlərində iştirak ediblər: "Ehtiyatsız hərəkətim nəticəsində belə bir cinayət hadisəsinin baş verməsindən və nəticədə Məmmədbağır Seydəliyevin vəfat etməsindən çox peşmanam. Hadisə baş verən gün ovladığım maralın dəyərini də könüllü olaraq tam şəkildə ödəməklə təbiətə dəymiş maddi zərəri aradan qaldırmışam".

"Şikayətçi deyilik"

Zərərçəkmiş şəxsin hüquqi varisi Aytən Seydəliyeva bildirib ki, Məmmədbağır Seydəliyevlə 2004-cü ildə ailə qurublar, birgə nikahlarından iki azyaşlı uşaqları var: "Məmmədbağır rəsmi olaraq heç yerdə işləməyib, şəxsi təsərrüfatımızda çalışaraq gəlir əldə edib. Yanvarın 25-də Məmmədbağır dedi ki, tanışları ilə səhər tezdən ova gedəcəklər. Ertəsi gün Arif Salehov Məmmədbağırın mobil telefonuna zəng etdi. Bundan sonra Məmmədbağır axşamdan hazırladığı çantasını, ov silahını və ov itlərini götürərək getdi. Həmin gün təxminən saat 13 radələrində qonşumuz Zahirə bizə gəldi. O, Məmmədbağırın ovda olarkən dağdan yıxılaraq yaralandığını bildirdi. Təxminən saat 16 radələrində yaşadığımız kəndin sakinləri bizə gəldi. Bu zaman məlum oldu ki, Məmmədbağır ovda olarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq ölüb".

Aytən Seydəliyeva ifadəsində həmçinin bildirib ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti yoxdur. O, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Daha sonra zərərçəkmiş qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin nümayəndəsi Namil Cəbiyev bildirib ki, təbiətə dəymiş ziyan ödənilib. O, təqsirləndirilən şəxslərə qarşı şikayəti olmadığını bildirib.

Tərəfləri dinləyən hakimlər sonda qərar açıqlayıblar. Qərara görə, Xalid Həsrətovun şikayəti qismən təmin edilib. Xalid Həsrətovun cəzası 2 il 6 aya endirilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər