18 May 2021 14:02
4 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində 1983-cü il təvəllüdlü Natiq (ad şərtidir - red.) qısqanclıq zəminində həyat yoldaşı Səyyarəyə (ad şərtidir - red.) işgəncə verib.

Teleqraf.com-un xəbərinə görə, o, yaşadığı Yevlaxın Kür küçəsindəki evində arvadı Səyyarənin mobil telefonla başqa şəxslə ünsiyyət qurmasını bilib və qısqanclıq zəminində onunla mübahisə edib.

Sonra cəzalandırmaq məqsədilə Səyyarəni yataq otağındakı çarpayıya şərflə bağlayıb. Onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı şillə-təpik zərbələri vurub, əlindəki alışqanla bədəninin müxtəlif nahiyələrini yandırıb. Qadının saçlarını zorakı hərəkətlərlə səliqəsiz formada kəsib, güclü fiziki ağrı və ya psixi iztirablarla ona əzab verib.

“Səyyarənin bir neçə nömrəsi vardı”

İstintaq orqanı Natiqin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (işgəncə ilə əzab vermə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Ağdaş şəhərində yaşamış Səyyarə ilə rəsmi nikahla ailə qurub: “Birgə nikahdan üç uşağımız var. Əvvəllər münasibətimiz yaxşı idi, aramızda dava-dalaş olmurdu. Bəzi vaxtlarda Səyyarə ilə sözlü mübahisəmiz düşürdü.

Ailə qurduğumuz zamandan Səyyarə mobil telefondan istifadə edirdi, bir neçə telefon nömrəsi vardı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci ilin martında Səyyarənin mobil telefonda başqa şəxslərlə danışdığını müəyyən edib: “Ona iradımı bildirdim və mobil telefonunu əlindən aldım, nömrəsini isə sındırdım. 2020-ci ilin aprelində Səyyarəyə “Smartfon” tipli mobil telefon və nömrə aldım. Sentyabr, oktyabr və noyabr aylarında Səyyarə həmin mobil telefondan və mobil telefon nömrəsindən istifadə etdi”.

“Dedim, gəl birlikdə döşəyin altına baxaq, görək nə var...”

Natiqin ifadəsinə görə, arvadından şübhələrinə əsas tapıb: "İşdən çıxaraq evə gəldim. Oğlanlarım Sərdar (ad şərtidir - red.) və İsa (ad şərtidir - red.) da evdə idilər. Saat 18 radələrində yataq otağına daxil oldum. Səyyarənin çantasından hansısa əşya çıxararaq döşəyin altında gizlətdiyini gördüm. Saat 22 radələrində Jaləyə “sən məndən nə isə gizlədirsən” dedim. Səyyarə mənə “heç nə gizlətmirəm” deyə cavab verdi. Ondan döşəyin altında gizlətdiyi əşya barədə soruşdum. Heç bir əşya gizlətmədiyini dedi.

Dedim, gəl birlikdə döşəyin altına baxaq, görək nə var. Səyyarə “lazım deyil” dedi. Döşəyi qaldırdım, kiçik ölçüdə bəzəkli sellofan torba gördüm. Torbaya baxanda, içərisində bir mobil telefon nömrəsi və yeddi mobil telefon nömrəsi yazılmış kağız parçası tapdım.

Səyyarədən gördüklərim barədə soruşdum. O bu nömrədən istifadə etmədiyini, kağız parçasına yazılmış nömrələrin isə kimə məxsus olduğunu bilmədiyini dedi”.

“Nömrələrə zəng vurdum”

Natiqin sözlərinə görə, Səyyarə mobil telefon nömrəsini təxminən bir il əvvəl aldığını etiraf edib: “Kağız parçasına qeyd edilmiş mobil telefon nömrələrinə bir-bir zəng etdim. İki nəfər zəngimə cavab verdi. Onlardan biri hərbçi olduğunu, telefonundan hər bir hərbiçinin istifadə etdiyini, arvadımla heç vaxt danışmadığını, başqalarının danışıb-danışmadığını isə bilmədiyini dedi.

Digər şəxs də Bakı şəhərində yaşadığını, ailəli olduğunu, arvadımla danışmadığını söylədi. Səyyarədən yenidən həmin şəxslər barədə soruşdum. O da həmin şəxsləri tanımadığını və heç kimlə danışmadığını bildirdi.

Əlimlə Səyyarənin üz və baş nahiyələrindən bir neçə dəfə vurdum, düzgün danışmasını tələb etdim. Səyyarə mənə onu vurmamağı istədi, baş verənləri düzgün danışacağına söz verdi”.

“Qollarını çarpayıya bağladım”

Natiq qeyd edib ki, Səyyarə əvvəl dediklərini təkrar edib və baş verənlərin hamısını danışmayıb: “Onun qollarını boyun şərfi ilə, ayaqlarını isə tozsoranın naqili ilə çarpayıya bağladım. Əlimlə bədəninin müxtəlif nahiyələrinə vurdum və həqiqəti söyləməsini tələb etdim.

Alışqanla qarın, qol, ayaq və digər nahiyələrini bir neçə yerdən yandırdım. Oğlanlarım digər otaqda olublar, Səyyarəni döydüyümü, yandırdığımı görməyiblər”.

“Kiminlə danışdığını mənə demədi”

Təqsirləndirilən şəxs bildirib ki, ertəsi gün, səhər saatlarında Səyyarəyə işə getməyə icazə verməyib: “Özüm işə getdim, saat 16 radələrində evə qayıtdım. Səyyarədən mənimlə birlikdə əyləşməsini, telefon söhbəti barədə həqiqəti bildirməsini istədim. Həmin vaxt qonşumuz İradə ( ad şərtidir - red.) evə gəldi. Buna görə söhbətimiz kəsildi.

İradə Səyyarə ilə birlikdə tort bişirdi. Bir neçə saat sonra İradə yaşadığı evə getdi. Saat 21 radələrində Səyyarəni yataq otağına apardım.

Həmin vaxt İradə bizə gəldi, mənimlə söhbət etmək istədiyini, Səyyarə ilə aramızda baş verənlərdən xəbərdar olduğunu dedi. O, Səyyarəni döyməməyimi, onun əvvəllər hansısa bir şəxslə danışdığını, sonralar isə heç kimlə əlaqə saxlamadığını söylədi, Səyyarəni bağışlamağımı istədi. İradədən ailə işimə qarışmamağı tələb etdim.

İradə bizdən getdikdən sonra Səyyarəni yataq otağına çağırdım, həqiqəti söyləməli olduğunu bildirdim. O, yenə kiminlə danışdığını mənə demədi”.

“Saçını kəsməyi qərara aldım”

Natiq bildirib ki, əli ilə Səyyarənin üzünə bir neçə şillə vurub: “Səyyarə yenə həqiqəti demədi. Səyyarənin saçından tutdum və möhkəm dartdım. Sonra saçını kəsməyi qərara aldım. Qayçı ilə əvvəl saçın qabaq tərəfini kəsdim, sonra dibindən kəsməyə çalışdım. Səyyarə əlləri ilə başını qorudu, saçını qayçı ilə kəsməyimə imkan vermədi. Onun başının qanadığını gördüm.

Bundan sonra qayçını kənara qoydum və Səyyarəyə ilkin tibbi yardım göstərdim. Başına yod vurdum, dəsmalı soyuq su ilə isladaraq yarasına qoydum. Həmin vaxt İradə evə gəldi və Səyyarənin xəsarət aldığını gördü. İradəyə getməyi məsləhət gördüm, təcili tibbi yardıma zəng edəcəyimi dedim. Onu evdən çıxardım.

İradə qonşulara məlumat verdiyi üçün bir neçə dəqiqə sonra İradənin əri Elsevər ( ad şərtidir - red.), digər qonşumuz Ramil ( ad şərtidir - red.) və Ramilin arvadı Kifayət yaşadığım evə gəldilər. Amma onları evə buraxmadım. Həmin şəxslər arvadımla dalaşmamağı xahiş etdilər. Onlara daha Səyyarə ilə dalaşmayacağımı dedim. Səyyarə evdə qaldı”.

Natiq deyib ki, ertəsi gün saat 11 radələrində işdə olarkən Səyyarənin xalası Aygün ( ad şərtidir - red.) zəng edərək onu evə çağırıb: “Evə gedərək Aygünün, Yeganənin, Aynurun və Ramilin gəldiyini gördüm. Onlar məndən nə səbəbə Səyyarəni döydüyümü soruşdular.

Səyyarənin mobil telefonla başqa şəxslərlə danışdığını müəyyən etdiyimi dedim. Həmin gün Səyyarə barəmdə Yevlax rayon polis şöbəsinə şikayət etdi”.

“Gözümü yandıracağını dedi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Jalə bildirib ki, 2020-ci ildə saat 17 radələrində işdən çıxaraq evə gəlib: “Natiq döşəyin altında hansı əşyanı gizlətdiyimi soruşdu və döşəyi yuxarı qaldırdı. Telefon nömrəsini və kağız parçasını tapdı, bu barədə məndən soruşdu.

Natiqə nömrə və kağız parçasının mənə məxsus olmadığını, həmin əşyaları taparaq əldə etdiyimi dedim. Natiq kağız parçasında yazılmış mobil telefon nömrələrinə bir-bir zəng etdi. Saat 20 radələrində mənimlə mübahisə elədi, kağız parçasına yazılmış nömrələr barədə, eləcə də kiminlə danışmağım haqda soruşdu. Ona heç kimlə danışmadığımı bildirdim. Mənə inanmadı, təkrar-təkrar soruşdu.

Hamam xalatının ipi ilə qollarımın bilək nahiyəsini bir-birinə bağladı.Sifətimə 6-7 şillə vurdu. Aşağı əyildim, Natiq ayağı ilə üzümdən iki təpik zərbəsi vurdu. Əli ilə başımı tutaraq dizi ilə təxminən 5-6 zərbə endirdi. İplə əllərimi, tozsoranın naqili və xalatının ipi ilə isə ayaqlarımı çarpayıya bağladı. Alışqanla gözlərimi yandıracağını, heç kimi görə bilməyəcəyimi dedi”.

“Uşaqlar qonşu otaqda ağlaşdılar”

Səyyarənin ifadəsinə görə, Natiq şərflə onun gözlərini və ağzını bağlayıb: “Əlindəki alışqanla qollarımı, ayaqlarımı, qarnımı, böyrümü və üzümü bir neçə dəfə, bir neçə yerdən yandırdı. Gözümü yandıran zaman qollarımı ipdən çıxartdım və Natiqə mane oldum. Buna görə gözlərimi yandıra bilmədi. Lakin sağ qaşım yandı. Ağrıdan qışqırdım. Qonşu otaqda uşaqlar Natiqin məni döydüyünü bildilər, ağlaşdılar.

Uşaqlarının yataq otağına daxil olmasının qarşısını almaq üçün Natiq otağın giriş qapısını bağladı. Həmin vaxt qonşumuz İradə adlı qadın yaşadığım evə gəldi. Uşaqlarım ağladığı üçün Natiq ayaqlarımı açdı.

Bədənimin müxtəlif nahiyələrindən yanıq, başımdan, üzümdən, qollarımdan, ayaqlarımdan qızarmış, şişmiş xəsarətlər almışdım”.

“Başımın qanadığını görəndə qorxdu”

Səyyarənin ifadəsinə görə, ertəsi gün səhər saatlarında xəsarət aldığı üçün işə getməyib: “Natiq isə işə getdi, saat 18 radələrində evə qayıtdı. Mənə danışdığım şəxsin adını kağıza yazaraq ona verməyimi istədi. Yenə də heç kimlə danışmadığımı dedim.

Saat 20 radələrində İradə yaşadığım evə bəzəmək üçün tort gətirdi. Tortu bəzədim, Natiq də bizə kömək etdi. Bundan sonra Natiq İradəyə dedi ki, evdən getsin.

Mən İradəyə Natiqin məni döyəcəyini bildirdim. Buna görə o, evdən getmək istəmədi, Natiq İradəni məcburi evdən çıxardı.

Saat 22 radələrində Natiq məni yataq otağına saldı, zaldakı televizorun səsini yüksəltdi və uşaqlara zalda oturmağı tapşırdı. Sonra yataq otağının giriş qapısını bağladı. Məni çarpayının üstünə uzadaraq əlləri ilə üzümdən, qollarımdan və ayaqlarımdan dəfələrlə şillə, yumruq zərbələri vurdu. Ona yalvardım, amma mənə məhəl qoymadı, döyməyə davam etdi.

Bundan sonra Natiq kəlbətin, bıçaq və qayçı gətirdi. Qorxdum, Natiqin bıçaq və qayçı ilə mənə xəsarət yetirəcəyini bildim. Ağlayaraq yalvardım, döyməməyini xahiş etdim. Sözlərimə məhəl qoymadı, qayçı ilə saçımı kəsəcəyini dedi.

Natiq saçımın ön və orta hissəsini iki yerdən kəsdi. Qayçı başımın ortasına dəydi və başım kəsildi. Qışqıraraq kömək istədim.

Həmin vaxt qonşumuz İradə yaşadığım evə gəldi, başımdan qan axdığını, saçımın kəsildiyini gördüm. Natiq İradəni evdən çıxardı, başımdan qan axdığından qorxdu, yarama yod və “zelyonka” vurdu”.

Səyyarənin sözlərinə görə, dayısının arvadı Xumara (ad şərtidir - red.) zəng edib və Natiqin onu döyməsi barədə məlumat verib: “Anam, xalam, bacım və bacımın əri evə gəldilər. Qohumlarım xəsarət aldığımı və saçımın kəsildiyini gördülər. Mobil telefonla 102-yə zəng edərək Natiqin məni döyməsi barədə məlumat verdilər”.

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə baxılıb.

Natiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov