31 May 2021 14:06
2 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda 2003-cü il təvəllüdlü İsmayıl Həsənov 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayaraq öldürməyə cəhd edib.

Teleqraf.com-un xəbərinə görə, İsmayıl Həsənov 4 sentyabr 2020-ci il tarixdə saat 23.30-da Lökbatan qəsəbəsindəki “Heydər Əliyev” adına parkda pivə içən tanımadığı Oleqdən pivə alaraq içib.

Yüngül alkoqol sərxoşluğu vəziyyətinə düşən İsmayıl Oleqdən yenə pivə verməyi tələb edib. Oleq imtina edib. Yaranmış mübahisə zamanı İmsayıl Oleqin ünvanına ucadan nalayiq ifadələr işlədib, heç bir əsaslı səbəb olmadan onu öldürmək qərarına gəlib.

İsmayıl üzərində gəzdirdiyi bıçağı cibindən çıxararaq Oleqə hücum edib, onun boyun, qarın və bel nahiyələrinə zərbələr endirib. Huşunu itirərək yerə yıxılan Oleqin çoxlu qan itirdiyini görüb, tezliklə öləcəyini düşünüb, daha ona xəsarətlər yetirməyib. Aralanaraq parkın mərkəzinə doğru gedib.

Bir qədər özünə gələn Oleq İsmayıla yaxınlaşaraq xəsarət yetirməsinin səbəbini soruşub. İsmayıl ona daha bir zərbə vurub. Oleq huşunu itirərək yerə yıxılıb. Onun öldüyünü düşünən İsmayıl oradan qaçıb. Oleq xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyinə görə həyatının xilas olunub.

İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (silah istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Atam Bayram 2010-cu ildə qayınatası Tofiqi öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrum edilib. Anam Validə Lökbatan qəsəbəsində Mənzil İstismar İdarəsində xadimə işləyir. Lökbatan qəsəbəsində orta məktəbin 6-cı sinfinə kimi təhsil almışam. Sonra ailəmin maddi durumu ilə əlaqədar məktəbə getmədim və fərdi əməklə məşğul oldum.

Lökbatan qəsəbəsi ərazisində zibilliklərdən plasmas qablar yığaraq müxtəlif mağazalara təhvil verib, əvəzində pul almışam. Ara-sıra yaşadığım evin yaxınlığında yerləşən Heydər Əliyev adına parka gedərək orada tüfeyli həyat tərzi keçirib, parkda gecələyən İsmayıl adlı şəxsə yemək, siqaret aparmışam”.

İsmayıl Həsənovun sözlərinə görə, sentyabrın 4-də saat 23 radələrində yaşadığı evdən çıxıb və həmin kimsəsiz şəxsə pul vermək üçün Heydər Əliyev parkına gedib: “Orada əvvəllər bir-iki dəfə rastlaşdığım, sonradan adının Oleq olduğunu bildiyim şəxsin bir nəfər ağsaqqal kişi ilə pivə içdiyini gördüm. Onlara yaxınlaşaraq İsmayılı soruşdum. Ağsaqqal kişinin yanında olan Oleq İsmayılın ünvanına nalayiq ifadələrlə işlədərək təhqir etdi. Bundan sonra ona lotular haqqında danışmağa başladım. Həmin vaxtı Oleq mənə “Lotu Quli də yaxşı oldu öldü” sözlərini dedi.

Oleqdən Lotu Qulini nə üçün təhqir etdiyini soruşdum. Oleq "Lotu Quli cındır idi, elə sən də onun tayısan, üzdəniraqsan” sözlərini dedi. Həmin vaxt Oleqin yanında oturan ağsaqqal kişi ona rus dilində “suka, otstan” deyərək xırda addımlarla parkın çıxışı istiqamətinə getdi. Mən isə Oleqi parkın qırağına çağırdım, nə üçün Lotu Qulini söydüyünü soruşdum. Oleq yenə də “Lotu Quli üzdəniraqdır, cındırdı” sözlərini dedi.

Oleqin işlətdiyi söyüşlərdən əsəbiləşərək şalvarımın sağ yan cibindən qatlanan bıçağı çıxardım, sağ əlimdə tutaraq Oleqin boğaz nahiyəsinə bir dəfə zərbə endirdim. Oleq üzərimə gəlməyə başladı. Mən sağ əlimdə olan bıçaqla Oleqin sol qarın nahiyəsinə də endirdim. Sonra isə parkdan çıxaraq 4 saylı doğum evinə tərəf getməyə başladım. Arxa tərəfə çönərək baxdıqda Oleqin yerə yıxıldığını gördüm”.

İsmayıl qeyd edib ki, təxminən 20 dəqiqə parkın yanında gözlədikdən sonra təcili tibbi yardım stansiyasının həkimlərinin gələrək Oleqi apardıqlarını görüb: “Parkın yaxınına gəldim. Həmin vaxt orada olan polislər məni tutdu”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Oleq bildirib ki, Lökbatan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: “15 yaşım olanda atam Sabir yaşamaq üçün Dağıstana gedib. 2-3 il əvvəl Dağıstandan qayıdıb və Lökbatanda tək yaşayır. Heç bir yerdə işləmirəm. Mənə xəsarət yetirən İsmayılı hadisədən əvvəl tanımamışam.

Sentyabrın 4-də təxminən saat 20 radələrində yaşadığım evdən çıxdım, atamı Sabirin yaşadığı evə getdim. Atamla yolda görüşüb, bir az söhbət etdik. Sonra qəsəbədə yerləşən mağazaların birindən pivə alaraq atamla birlikdə Heydər Əliyev adına parka getdik, daş məhəccərin üzərində oturub, öz aramızda söhbət edə-edə pivə içməyə başladıq”.

Oleqin sözlərinə görə, təxminən saat 22-23 radələrində atası onunla sağollaşaraq gedib: “Atam Sabirin yanımdan getməsindən bir neçə dəqiqə sonra tanımadığım cavan oğlan mənə yaxınlaşaraq İsmayıl adlı şəxsin оnа pul borcu olduğu üçün axtardığını, onu tanıyıb-tanımadığımı soruşdu. Yox dedim. Cavan oğlan məndən xahiş etdi ki, ona pivə verim. 1 litrlik plasmas qabda olan pivəni ona verdim. O, bir az aralıda oturaraq pivə içməyə başladı. Pivəni içib qurtardıqdan sonra yenə pivə içmək istədiyini dedi. Mən onu tanımadığımı dedim və yanımdan getməsini xahiş etdim.

İsmayıl adlı şəxs oturduğu yerdən duraraq, daş məhəccərin arxa hissəsinə keçdi və məni yanına çağırdı. Oturduğum yerdən ayağa qalxaraq arxa tərəfə keçdim. Məndən nə istədiyini soruşdum. Cibindən bıçaq çıxararaq anidən boğazıma və qarın nahiyəmə xəsarətlər yetirdi. Boğazımdan və qarnımdan qan axdı, taqətdən düşərək yerə yıxıldım.

Bir neçə dəqiqə sonra özümə gəldikdə parkın ortasında quraşdırılan fontanın yanında mənə bıçaqla xəsarət yetirən İsmayılın sağ əlində bıçaqla dayandığını gördüm. Ona tərəf gedərək nə üçün məni bıçaqla xəsarət yetirdiyini soruşdum. Yaxınlaşıb əlindəki bıçağı almaq istədim. Bıçaqla əlimin üst hissəsini kəsərək mənə yenə xəsarət yetirdi. Huşumu itirərək yerə yıxıldım. Özümə gəldikdə artıq xəstəxanada olduğumu bildim”.

Cinayət işi üzrə şahid qismində ifadə verən təqsirlədirilən İsmayıl Həsənovun anası Validə bildirib ki, Lökbatan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır: "2002-ci ildə qeyri-rəsmi olaraq Bayramla ailə həyatı qurdum. Birgə nikahdan 2003-cü ildə İsmayıl adlı oğlum, 2006-cı ildə Samirə adlı qızım dünyaya gəldi. 2010-cu ildə ərim Bayram atam Tofiqi öldürdü, 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edildi, cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.

Bundan sonra Eldənizlə tanış oldum və qeyri-rəsmi olaraq ər-arvad kimi bir evdə yaşamağa başladım. 2016-cı ildə birgə nikahdan Dəniz adlı qız övladım oldu. 2020-ci ilin yanvarın sonlarında qeyri-rəsmi yaşadığım Eldənizdən də ayrıldım.

Təxminən 5 ildir ki, Mənzil İstismar İdarəsində xadimə işləyirəm. Oğlum tam orta məktəbdə 6-cı sinfə kimi təhsil alıb, sonra müxtəlif yerlərdə fəhlə şləyib. Bəzən müxtəlif yerlərdən plasmas qablar yığaraq satıb. Sentyabrın 4-də İsmayıl dostunun ad günü olduğunu və bu səbəbdən evə gəlməyəcəyini bildirdi.

Ertəsi gün saat 9 radələrində istifadəmdə olan mobil telefona Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşı kimi özünü təqdim edən şəxs məni ora dəvət etdi, oğlum İsmayılın bir nəfərlə dalaşdığını dedi. Orada məlum oldu ki, oğlum “Heydər Əliyev” adına parkda tanımadığı Oleq adlı şəxsə bir neçə bıçaq xəsarətləri yetirib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.

İsmayıl 8 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər