"Təqsirləndirilən şəxslər məhkəmədə özlərini məzlum göstərsə də, Şuşa həbsxanasında cəllad idilər. Hər ikisi Azərbaycan dilini bilirlər. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada öldürmək istəyirdilər".
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin Yasamal rayon Məhkəməsində baş tutan iclasda çıxış edən zərərçəkmiş, Beyləqan rayon sakini Cavid Hüseyn bildirib.
O, ifadəsində qeyd edib: "Sonradan onlara məlumat gəldi ki, bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndinə aparıb döydülər, sonra Şuşa həbsxanasına apardılar. Orda dəmir boru ilə başımıza vururdular. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar mənim vəziyyətimi görməsin deyə məni karsa atdılar. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir, yoxsa sizin? Cavab verdim ki, Qarabağ bizimdir. Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı.
Beynəlxalq Qırmızı Xaç Komitəsi bizə baş çəkməyə gəldi. Yenə də mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar".
Cavid Hüseyn bildirib ki, Şuşa həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirib və onlara əsirləri göstəriblər: "Dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin, sizi öldürərlər. Onlar uşaqları nasist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər. Həbsxanada olanda bunlar türməyə qız gətirirdilər. Qızların gözləri qarşısında bizi döyür və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər".
Cavid Hüseyn deyib ki, ona işgəncə verən Mkrtiçyanın əlinin üstündə LMN yazısı var idi.
Prokuror həmin faktın müəyyən olunmasını məhkəmədən xahiş edib. Baxış zamanı fakt təsdiqlənib.