Təqsirləndirilən şəxslər avtomobilləri sürmək üçün qaçırdıqlarını açıqladılar
Nəsimi rayon Məhkəməsində oğurluqda təqsirli bilinən Ələkbər İsmayılov, Sənan Səfərov və Kamran Şıxəliyevin cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən həbs ediliblər. Tutulanlar avtomobillərin şüşələrini sındırmaqla pul, maqnitafon, səsgücləndiricilər və digər qiymətli əşyaları qarət etməkdə şübhəli biliniblər.
İstintaq materiallarına görə, 19-cu polis bölməsinə zərərçəkmiş qismində müraciət edən Pərvanə Əliyeva martın 29-da Cavadxan küçəsində saxladığı “Kia-Sorento” markalı avtomobildən şüşəni sındırmaqla, içərisində 70 manat və sənədlər olan pul kisəsinin oğurlandığını bildirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Ələkbər İsmayılov, Sənan Səfərov və Kamran Şıxəliyev yaxalanıblar.
Müəyyən edilib ki, onlar aprelin 20-də Cavadxan küçəsində Aynur Məmmədovaya məxsus “Kia” markalı avtomobilin şüşəsini daş parçası ilə sındıraraq, içərisində pul və şəxsi sənədlər olan əl çantasını, aprelin 22-də A.Məhərrəmov küçəsində Elşad Məhərrəmova məxsus “Opel” markalı avtomobildən 3 ədəd təkər oğurlayıblar. Onlar mayın 1-nə keçən gecə isə Cavadxan küçəsində Şamil Əliyevə məxsus “VAZ-2106" markalı avtomobildən, açar seçmə yolu ilə maqnitafon, iki ədəd səsgücləndirici və sənədlər götürərək qaçıblar.
Elə həmin gecəni daha “məhsuldar” keçirmək istəyən dostlar mağaza da qarət ediblər. 20 Yanvar küçəsində yerləşən, Teymur Şükürova məxsus mağazadan, qapının qıfılını sındırma yolu ilə 270 manat, spirtli içkilər və şirniyyatlar götürüblər. Təqsirləndirilən şəxslərin hər üçü əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıblar.
Belə ki, Sənan Səfərov xuliqanlıqda, vətəndaşlara xəsarət yetirməkdə, Ələkbər İsmayılov və Kamran Şıxəliyev isə oğurluq etməkdə təqsirli bilinərək həyatlarının müəyyən hissəsini dəmir barmaqlıqlar arxasında keçiriblər. 2013-cü ildə azadlığa qovuşan tanışlar keçmiş əməllərindən əl çəkməyərək yenidən oğurluq etməyə qərar veriblər.
İstintaq aşkarlayıb ki, tutulanlardan Sənan Səfərovla Kamran Şıxəliyev Binəqədi rayonu ərazisində də bir neçə oğurluq ediblər. Onlar yanvarın 30-na keçən gecə H.Babayev küçəsində İlkin Atakişiyevə məxsus “VAZ-2121", fevralın 12-də M.Cəlal küçəsində Ceyhun İbrahimova məxsus ”Mercedes", fevralın 21-də C.Xəndan küçəsində Əminə Ağayevaya məxsus “Hyundai-Elantra”, bir gün sonra E.Babayev küçəsində Maral Salahovaya məxsus “Kia Sportage”, martın 19-na keçən gecə İ.Dağıstanlı küçəsində Namiq Rüstəmxanlıya məxsus “Mercedes”, aprelin 13-nə keçən gecə H.Babaşov küçəsində İlqar Qasımova məxsus “Mercedes” markalı avtomobillərdən pul və müxtəlif əşyalar oğurlayıblar.
Sənan Səfərovla Kamran Şıxəliyev mayın 1-nə keçən gecə eyni küçədə iki avtomobili hədəf seçiblər. Onlar Y.Həsənov küçəsində Arzu Səmimiyə məxsus “Kia” markalı avtomobildən 2 ədəd fotoaparat, Valeh Abbasova məxsus “Mercedes” markalı avtomobildən isə maqnitafonun üzlüyünü oğurlayıblar. Prosesdə ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Onlar avtomobilləri sürmək məqsədilə qaçırdıqlarını deyiblər. Məhkəmə iclası noyabrın 12-də davam edəcək.
Hacı Zeynalov