Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan açıq məhkəmə prosesinə yenə də jurnalistlər buraxılmayıb.
Məhkəmənin önündə bildiriblər ki, jurnalistlər prosesə buraxılmayacaq. Ancaq media təmsilçilərinin prosesə hansı səbəbdən buraxılmaması üçün əsaslı səbəb göstərilməyib.
Buna etiraz edən jurnalistlər məhkəmənin binası qarşısında aksiya keçiriblər, onlar açıq məhkəmə iclasına buraxılmalarının tələb ediblər.
Zərərçəkmişlər də jurnalistlərin aksiyasına tərəfdar olublar.
Onlar hakimdən media nümayəndələrinin açıq məhkəmə prosesində iştiraklarına şərait yaratmasının istəyiblər.
Zərərçəkmiş Qulam Bağırov bildirib ki, məhkəmənin hazırlıq iclasında jurnalistlərin məhkəməyə buraxılması barədə vəsatət veriblər: "Məhkəmə iclaslarında video çəkiliş aparılmasını da istədik. Əfsuslar olsun ki, vəsatətlərimiz təmin olunmadı. Bildirildi ki, məhkəmə iclasları protokollaşdırılsın, sonda həmin protokollar tanış olmaq üçün tərəflərə verilsin, kim istəsə protokolla taniş ola bilər".
Zərərçəkmiş qeyd edib ki, məhkəmədən ona SMS gəlib, bu səbəbdən məhkəmədə iştirak edəcək: "Biz istəyirik ki, məhkəmə şəffaf keçirilsin, təqsirləndirilən şəxslər hansı quldurluq əməlləri ediblər, bunu hər kəs bilməlidir. Bəlkə də Azərbaycan tarixində belə quldurluq əməli törədilməyib, bu əməllərin ictimaiyyətdən gizlədilməsi bizi narahat edir. Mənə dəymiş ziyanın məbləği 135 min dollardır. Məni qanunsuz həbs ediblər. Bundan sonra anama bildiriblər ki, guya mən həbsdə ölümcül vəziyyətdəyəm, Mövlam Şəxliyev və Sahib Ələkbərov evimi, maşınımı satdırıblar. 33 gündən sonra məni xəstəlik adı ilə həbsdən buraxdılar. Azadlığa çıxandan sonra gördüm ki, nə ev var, nə maşın. Yaşlı anamı aldadıb, belə əməllər törədiblər".
Digər zərərçəkmiş, iş adamı Hüseyn Səfərov jurnalistlərə bildirib ki, Azərbaycan tarixində alverçi təfəkkürlü Milli Təhlükəsizliyi Nazirliyinin işçiləri olmayıb: "Mütəşəkkil cinayətkar dəstə yaradıblar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərliyi altında Mövlam Şixəliyev və Vüsal Ələkbərov quldurluq ediblər, hər bir adamın evini, əmlakını ələ keçiriblər, çox ciddi cinayətlər törədiblər. Mənə qarşı elədikləri cinayətlərin həddi-hüdudu yoxdur. 2 milyon dollar məndən pul aldılar. Nəticədə evimi satdırdılar, indi kirayədə qalıram. Övladlarımın adına banklardan kredit götürüblər, onları da ödəyə bilmirik, yaman günə qalmışıq. Bu gün məhkəmədə mən çıxış edəcəm, onların gözləmədiyi faktlar açıqlayacam".
Hazırda proses davam edir.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.