Salyanda avtomobili müvafiq sənədləri olmadan və konstruksiya dəyişikliyi edərək idarə edən sürücülər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri və sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb.
Bundan əlavə, tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyi edən 8 sürücünün nəqliyyat vasitəsi saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.
Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.