Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Nərmin Quliyevin əmisi Lətif Quliyev ifadə verib.
Lətif Quliyevin sözlərinə görə, qardaşı qızı onlara dekabrın 14-də, günorta saat 14.00-da gəlib: “Günorta yeməyini yeyib, sonra yatmışam, bir də axşam saat 6-ya işləmiş oyanmışam”.
Lətif Quliyevin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadə arasında çoxsaylı ziddiyyətlər ortaya çıxıb.
Bu səbəbdən Lətif Quliyevin istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olub ki, o, əvvəllər oğurluğa görə məhkum edilib.
Eyni zamanda, Nərminin həmin gün onlara hansı geyimdə gəlməsi, kiçik oğlu Ayxanın hamamı açıb, gödəkçəni ona verməsi və sair detallar haqqında ətraflı danışıb.
Vəkillər Lətif Quliyevin həmin vaxt yatmaşı, o biri tərəfdən də hər şeyi detallı danışması ilə bağlı sorğu-sual ediblər.
Lətif Quliyev deyib ki, bunları özü görməyib, sadəcə, evdə olan ailə üzvlərinin danışdıqlarından eşidib.
Bu vaxt vəkillər tərəfindən Lətif Quliyevdən qardaşı Şərifin (Nərminin atası-red.) kimlərəsə borclu olub-olmadığı soruşulub. O bildirib ki, qardaşının kənddəki ərzaq mağazasına borcu olub, amma əlinə pul gələn kimi, borcunu ödəyib.
Lətif Quliyev hadisə günü böyük oğlu Ruslanın harada olması ilə bağlı ziddiyyətli ifadələr verib.
Daha sonra vəkillər vəsatət verib və Ruslan Quliyevin məhkəməyə çağırılması, onun həmin gün harada olduğu aydınlaşdırılmasını istəyiblər.
Hakim bildirib ki, ittiham tərəfin təqdim etdiyi şahidlər dindiriləndən sonra bu məsələyə baxılacaq.
Növbəti proses dekabrın 22-dədavam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.