Ağcabədi rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Etibar Şəmilov 1991-ci il təvəllüdlü arvadı Günayı intihar həddinə çatdırıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Etibar 2010-cu ildə Günayla rəsmi nikaha girməklə evlənib. O, bir neçə il müddətində normal ailə münasibətində yaşadıqdan sonra aralarında yaranmış məişət xarakterli mübahisələr nəticəsində özündən maddi və sair asılılıqda olan arvadı Günayın ı müxtəlif vaxtlarda mütəmadi olaraq döyüb, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.
Etibar Günayı ölümündən 8-10 gün əvvəl demək olar ki, hər gün arvadını döyüb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Nəticədə Günay 10 mart 2020-ci ildə, saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə sintetik materialdan olan təsərrüfat ipi ilə özünü boynundan asaraq intihar edib.
İstintaq araşdırması zamanı Günayın intihar etməsinə səbəb əri Etibar günahkar bilinib və o həbs edilib.
İstintaq orqanı tərəfindən Etibarın barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, 10 il müddətində mərhum arvadı Günayla həmişə mehriban yaşayıblar: “Birgə nikahımızdan 4 uşağımız olub. Aramızda heç bir ciddi münaqişələrimiz olmayıb. Yalnız 1-2 dəfə xırda münaqişəmiz olub. Buna görə Günay acıq edərək atası evinə getdi. Lakin bir neçə gün sonra zəng edərək onu evimizə aparmasını xahiş etdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Günay cəmi bir dəfə ona məxsus mobil telefonu suya salmasına görə yaranmış münaqişəyə görə polisə şikayət verib: “Sonra barışıq ərizəsi verdi. Günayı heç vaxt döyməmişəm. Qardaşının avtomobil qəzası nəticəsində ölməsindən sonra onda nevroz yarandı”.
Zərərçəkmiş şəxsin hüquqi varisi, atası Sahib bildirib ki, mərhum Günay onun qızıdır: “Günay 2010-cu ildə Etibarla rəsmi nikahla ailə qurdu, birgə nikahdan onların 4 uşaqları anadan oldu. Evdə qızım Günaydan, ərindən və övladlarından başqa qayınatası Mətləb və qayınanası Sədaqət də yaşayıblar. Birinci uşaq dünyaya gələndən sonra Mətləb və Etibar Günayı incitməyə başlayıb, onu dəfələrlə döyüb, işgəncə verib. Bununla bağlı Ağcabədi rayon polis şöbəsində bir neçə dəfə araşdırma aparılıb. Hətta təxminən 3-4 il bundan əvvəl Mətləb Günayın üstünə tüfəng çəkərək öldürməklə hədələyib, Etibar isə onu döyüb. Bununla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılıb”.
Hüquqi varisin sözlərinə görə, 2019-cu ilin dekabrında Etibar istifadəsində olan telefonun Günay tərəfindən suya salındığını bəhanə edərək onu döyüb: “Bundan əvvəl isə Etibar mənə zəng etdi, pula ehtiyacının olduğunu bildirdi, məndən pul istədi. Mən isə həmin vaxt maddi imkanım olmadığından ona pul verə bilmədim. Bir neçə gün sonra isə Mətləblə Etibar evimə gəldi, mağaza tikdiklərini və pula ehtiyaclarının olduğunu bildirdilər. Məndən 300 manat istədilər. Lakin maddi imkanım olmadığına görə pul vermədim. Bu səbəbdən Etibar məndən heyf çıxmaq üçün dekabrın 19-da Günayı döyüb, ona xəsarət yetirib”.
Sahib deyib ki, bundan 3-4 ay əvvəl qayınatası Mətləb Günayı döyüb və evdən qovub: “Bu barədə Ağcabədi rayon polis şöbəsinə şikayət etdik. Ölümündən təxminən bir həftə əvvəl Günay soyuqdəyməsi olduğundan və qan azlığından əziyyət çəkdiyindən müalicə olunmaq üçün evinə getdi. Etibar özü Günayı bizə qaytardı, onu müalicə etdirməyə maddi imkanının olmadığını bildirdi. Günay 3-4 gün bizdə qaldıqdan sonra əri Etibar gələrək apardı”.
Sahibin sözlərinə görə, 10 mart 2020-ci il saat 17 radələrində əvvəlcə Etibar, bir qədər sonra isə adını bilmədiyi yeznəsi ona zəng edib: “Məndən Günaygilə gəlməyimi bildirdi. Lakin nə baş verməsi barədə bir söz demədilər. Arvadım Nəzakət və bir neçə qohumumla Günayın yaşadığı evə getdik. Onun öldüyünü gördük. Lakin orada nə Mətləb, nə Etibar qarşıma çıxmadıqlarından nə baş verməsi barədə onlarla söhbət edə bilmədim. Həyətdə olan camaatdan və hüquq-mühafizə orqanlarının əməkdaşlarından Günayın özünü yaşadığı evin həyətindəki tikilidə asdığını öyrəndim. Günayın əri və digər ailə üzvləri hadisə barədə bir söz demədilər”.
Sahib deyib ki, qızı Günay özünü asmayıb: “Mətləb və Etibar Günayı öldürüb, sonra asıblar. Sədaqət isə onlara kömək edib”.
Cinayət işi üzrə şahid qismində ifadə verən Günayın anası Nəzakətin sözlərinə görə, mərhum Günaydan başqa 4 qızı var, onlar hamısı Günaydan yaşda böyükdürlər və evlidirlər: “Günay təxminən 10 il əvvəl öz istəyi ilə Etibarla ailə həyat qurdu, evliliklərindən bir oğlan və üç qız övladları oldu. Qızım Günay qayınatası Mətləb və qaynanası Sədaqətlə bir evdə yaşayırdı. Qızım gəlin köçəndən sonra qayınatasıgil bizə bir neçə dəfə qonaq gəlsələr də, biz onların evinə qonaq getməmişik. Günay deyirdi ki, sizi bəyənmirlər, evimizə qonaq gəlməyin.
Qızım gəlin köçən vaxtdan əri, qayınatası və qaynanası onunla yaxşı rəftar etmirdilər. Onu döyürdülər və qızım acıq edərək evimizə gəlirdi, 5-10 gün qalır, sonra əri gələrək onu öz evlərinə aparırdı”.
Nəzakətin sözlərinə görə, Günay növbəti dəfə döyülərək onların evlərinə gəldiyini gördükdən sonra polis şöbəsinə şikayət etməyə başlayıblar: “Təxminən 3-4 dəfə polis şöbəsinə şikayət olunub. Ərim Sahib qızım ilə birlikdə polis şöbəsinə şikayət edib. Bir neçə gün sonra Etibarın xalası oğlu gələrək bizdən xahiş etdi və Günayın daha döyülməyəcəyinə söz verdi. Bundan sonra qızım yenə də ərinin evinə getdi”.
Nəzakət deyib ki, 7 mart 2020-ci ildə Etibar qızını uşaqları ilə birlikdə onların evinə gətirib: “Bizə heç nə demədi, getdi. Qızım dedi ki, yuxu görmüşəm, gördüm ki, qıçın tutulub, yeriyə bilmirsən, ona görə gəldim. Ancaq nəvəm Leyla dedi ki, babam anamı döydü, ağzını qanatdı, ona görə gəldik. Günaydan bu barədə soruşanda döyülməsini boynuna almadı, döyülmədiyini bildirdi. Üç gün bizdə qaldıqdan sonra əri Etibar Rəfailin maşını ilə gələrək uşaqları ilə birlikdə onu evlərinə apardı. Sonra qızımla görüşmədim və telefonla da danışmadım”.
Nəzakət bildirib ki, ümumiyyətlə, qızı ilə telefonla danışmayıb: “Etibar ona telefonla danışmağa imkan vermirdi. Ona deyirdi ki, atan, anan pisdir, onlarla danışma”.
Bu cinayət işinə Ağcabədi rayon Məhkəməsində baxılıb və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Onlar hökmlə razı olmadıqlarını deyiblər. Şikayətçi bildirib ki, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə deyil, həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittihamedici hökm çıxarılmalıdır.
Bundan başqa prokuror protest verib və təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti verib. Qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli sübuta yetirilməyib. Müdafiəçi təqsirləndirilən şəxsə bəraət verilməsini istəyib.
Tərəflərin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Prokurorun protesti təmin edilib və təqsirləndirilən şəxsin cəzası 4 ilə qədər artırılıb.
Zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib.