5 Yanvar 2022 14:00
13 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda 1965-ci il təvəllüdlü Bahadur Hüseynov mübahisə zəminində tanışı Aqil Həsənova xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bahadur 18 oktyabr 2020-ci ildə saat 16.00-da Tovuz rayonu Qədirli kəndinin mərkəzindən keçən küçədə “Turan” adlı bərbərxananın qarşısında olarkən dostluq münasibəti saxladığı 1953-cü il təvəllüdlü Cilovdarlı kənd sakini Aqilin içki içmək dəvətini qəbul etməyib.

Bahadur Aqilin “ona-buna arvadlıq edirsən, mənə niyə yox deyirsən” sözlərindən hiddətlənib. Zarafatı qəbul etməyib və bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Bahadur bərbərxananın qarşısından keçən arxın o biri tərəfində dayanmış Aqilə yaxınlaşıb, əvvəlcə əli ilə Aqilin üz nahiyəsindən vurub. Daha sonra qarnına təpiklə vuraraq ona xəsarətlər yetirib.

Hadisədən sonra Aqil vəfat etsə də, Bahadura ittiham verilməyib. Bunun səbəbi həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsində açıqlanıb.

İstintaq orqanı Bahaduru həbs etməyib və onun haqqında “ev dustaqlığı” qətimkan tədbiri seçilib.

Bahadur Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bahadur elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aqili 30 il tanıyıb və aralarında dostluq münasibəti olub: “Aqil spirtli içki aludəçisi olub. İçki aludəçisi olduğu üçün bir neçə dəfə əməliyyat olub. Oktyabrın 18-də saat 16.00-da qazlarımı otarmaq üçün çölə çıxdım. Yaşadığım evdən 30-40 metr aralıda “dördyol” deyilən yerdə qazları otarmağa başladım.

Həmin ərazidə eni 3 metr olan su kanalı, su kanalının digər tərəfində bərbərxana və onun yanında da söyüd ağacı var. Söyüd ağacının altında oturmuş vəziyyətdə tanımadığım bir şəxs, onun yanında isə Aqil ayaqüstə dayanmışdı.

Aqillə zarafatım vardı. O məni pivə içməyə çağırdı, mən isə imtina etdim. Bu zaman təhqiramiz şəkildə “ona-buna arvadlıq edirsən, mənə niyə yox deyirsən” dedi. Kanalı keçib, mənim yanıma gəldi. Aqil yaxınlaşan zaman onun içkili olduğunu hiss etdim. O, sağ qolumdan və dirsəyimdən tutdu. Qolumu çəkmək istəyərkən əlim burnuna dəydi, burnunun üstü azacıq qanadı”.

Bahadur bildirib ki, Aqilə iki dəfə təpik atıb: “Təpiklərdən biri Aqilin qarın hissəsinə, ikincisi isə arxasına dəydi. O, ünvanıma söyüşlər söyərək getdi, mənsə orada qaldım. Təxminən 40-50 dəqiqə sonra Aqilin oğlu Vüqar Tahir adlı şəxslə yanıma gələrək atasını niyə vurduğumu soruşdu. Vüqara əlimin Aqilin burnuna dəydiyini bildirdim.

Bir müddət sonra Vüqar avtomobillə yenidən yanıma gəldi və atası Aqilin xayasını dağıtdığımı dedi. Mən isə Aqilin xayasından yox, arxasından təpiklə vurduğumu bildirdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Vüqarın sözlərinə görə, atası Aqil mütəmadi olaraq spirtli içki qəbul edib: “2008-ci ildə atam bağırsaq keçməzliyindən əməliyyat olundu. 2017-ci ildən atamda psixi pozuntular baş verdi. 18 oktyabr 2020-ci ildə Tovuz şəhərindən kəndə qayıdarkən atamın yolun kənarında qarnını tutaraq çömələrək oturduğunu gördüm. Həmin vaxt atamın içkili olduğunu düşündüm, ona yaxınlaşdım. Bu zaman atamın burnunun üzərində yara olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum, Bahadurun onu vurduğunu bildirdi”.

Hüquqi varisin ifadəsinə görə, atasını avtomobilə əyləşdirib və evə aparıb: “Yolda Bahaduru Turanın bərbərxanasının yanında gördüm. ondan atamı vurmasının səbəbini soruşdum. Bahadurun içkili olduğunu hiss etdim. Bundan sonra atamı evə apardım. Ona ağrıkəsici dərman içizdirdim. Sonra işimlə əlaqədar evdən çıxdım”.

Mərhumun oğlu deyib ki, bir müddət sonra anası ona zəng edib və atasının vəziyyətinin yaxşı olmadığını, ağrılarının kəsmədiyini bildirib: “Yenidən evə gəldim, atam mənə qarnının ağrıdığını bildirdi. Atamı ı avtomobillə xəstəxanaya aparmaq istədim. Yolda Bahadurun evinə getdim və ondan atamın hansı hissəsinə vurduğunu soruşdum. Bahadur atamın qarnına vurmadığını bildirdi.

Bu zaman Bahadurun qardaşı Niyazi gəldi, “hara lazımdı gedək, mən kömək edəcəm” dedi, avtomobilə əyləşdi. Biz birlikdə xəstəxanaya getdik və orada həkimlər atamı müayinə edəndən sonra mədəsinin deşildiyini bildirdilər. Atam əməliyyat olundu. Oktyabrın 20-də həkimlər atamın öldüyünü bildirdilər”.

Hüquqi varis deyib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ondan şikayəti yoxdur.

Hökmdə qeyd olunub ki, Bahadur 2020-ci il oktyabrın 21-də təqsirləndirilən şəxs qismində tutulub. Tovuz rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edib, onun barəsində “ev dustaqlı” qətimkan tədbiri seçilib.

Aqilin ölümünə səbəb qarının küt travması nəticəsində mədənin cırılmış yarasından inkişaf etmiş peritonitdən yaranmış ümumi intoksikasiya olub. Bu da meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatının nəticələri ilə təsdiq edilib.

Məlum olub ki, təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranıdır.

Təqsirləndirilən şəxsin oğlu hərbi qulluqçudur, hazırda işğaldan azad edilmiş rayonlardan birində gizir rütbəsində xidmət edir.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsin oğlu Prezidentinin 2020-ci il 25 dekabr tarixli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı verilib.

Məhkəmə Bahaduru Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzadan aşağı həddə cəza təyin olunması nəticəsinə gəlinib.

Hökmə əsasən, Bahadurun barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunub.

Bahadurun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunub.


Müəllif: Hacı Zeynalov