Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.
Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.
Əldə etdiyimiz məlumata görə, bu gün baş tutan iclasda iş üzrə zərərçəkmiş Əfsəl Həsənəliyevin qanunsuz həbsi, ondan rüşvət alınması epizodu üzrə şahidlərin dindirilməsi ilə davam etdirilib.
Şahid qismində vəkil Arif Həbibzadə sərbəst ifadə verib. Bildirib ki, Əfsəl Həsənəliyev MTN-də həsdə olarkən onun vəkili olub: “2013-cü ilin sentyabrında Əfsəlin arvadı Niyar Həsənəliyeva mənə zəng etdi, dedi ki, MTN əməkdaşları Əfsəli tutub. Səhəri gün Bakıya gəldim, MTN-ə getdim. Orada İstintaq Baş İdarəsinin rəis müavini, istintaq qrupunun rəhbəri Yasin Məmmədova orderi təqdim etdim, cinayət işinin başlanması haqqında qərarın surətini aldım. Yazırdılar ki, Əfsəl Həsənəliyev, Cahangir Məmmədov, Orxan Abdullayev, Məcid Anqubazov və digərləri Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə külli miqdarda pirotexniki məmulatları Azərbaycan ərazisinə keçiriblər.
2013-cü ilin sentyabr-oktyabrında MTN-in İstintaq Baş İdarəsində Yasin Məmmədov və Nadir Mustafayevin otaqlarında keçirilən istintaq hərəkətləri zamanı Yasin Məmmədov bir neçə dəfə Əfsəldən mənim yanımda pul istəyirdi. Yasin Məmmədov barmağı ilə 1 göstərdi. Soruşdum ki, 10 min istəyirsiz? Cavab verdi ki, 1-in yanına 5 sıfır qoy. Dedi ki, cənab nazirin (Eldar Mahmudov nəzərdə tutulur – red.) göstərişidir, MTN-də 100 mindən aşağı pul alınmamalıdır.
Dedim ki, Əfsəlin 100 min nədir, heç 100 dənə biti yoxdur. Bundan sonra Əsfələ də dedim ki, bunlara rüşvət vermə, hərəkətləri qanunsuzdur. Bunlar nə etdilər? Əfsələ təzyiq göstərdilər, məndən imtina etdirdilər. Özlərinin təqdim etdikləri vəkili Əsfəl Həsənəliyevə caladılar, məcbur elədilər ki, onunla müqavilə bağlasın.
Əfsəllə ailəvi dostuq. Ona görə də məndən imtina etsə də, baş verənlərdən məlumatlı idim. Bilirdim ki, ailəsindən pul tələb edirlər. Siyəzəndə yaşayırdım deyə gəlib, getməyə çətinlik çəkirdim. Əfsəl azadlığa çıxandan sonra bildim ki, onu 50 min dollar verməyə məcbur ediblər. 7 min istintaq dövründə alıblar. Xəstə adı ilə azad edib və vaxt veriblər ki, qalan pulu da versin. O da evini banka girov qoydu və aldığı pulu apararaq Yasin Məmmədova verdi.
Yasin Məmmədov mənim yanımda Əfsəldən dəfələrlə pul tələb edirdi, “100 min manat gətir, səni evə buraxım” deyirdi. Yasin Məmmədov pulu utanmadan, çox rahat şəkildə tələb edirdi. Yasin Məmmədov hər dəfə mənə deyirdi ki, get Əfsəlin qohumları ilə danış, 50 min manat düzəldib gətirsinlər ki, Əfsəli buraxım”.
Şahidin sözlərinə təqsirləndirilən Yasin Məmmədov etiraz edib. O, Arif Həbibzadənin ünvanına təhqiramiz sözlər işlədib, yalan danışdığını deyib.
Növbəti şahid MTN-də müstəntiq işləmiş Anar Hacıyev olub. Anar Hacıyevin dindirilməsi Əfsəl Həsənəliyev MTN təcridxanasından buraxılandan sonra dəfələrlə onunla əlaqə saxlaması ilə bağlıdır. Zərərçəkən Əfsəl Həsənəliyev deyib ki, həbsdən azad ediləndən sonra müstəntiq Anar Hacıyev dəfələrlə onunla əlaqə saxlayıb. Həmin zənglərlə istintaq qrupunun rəhbəri Yasin Məmmədovun pulun qalan hissəsini gətirməsini tələb etdiyini deyib.
Məhkəmədə şahid qismində dindirilən Anar Hacıyev Əfsəl Həsənəliyev həbsdən azad ediləndən sonra dəfələrlə onunla əlaqə saxladığını təsdiqləyib. Deyib ki, Əfsəl Həsənəliyev həbsdən azad edildikdən sonra ona zəng etməkdə məqsədi MTN-ə dəvət edib, iş üzrə rəylərlə tanış etmək olub.
Zərərçəkən Əfsəl Həsənəliyev isə deyib ki, Anar Hacıyev Yasin Məmmədovun rəis müavini olduğu idarədə müstəntiq işləyib: “Anar Hacıyev zəng edəndə də açıq-aşkar deyirdi ki, pulu istəyən Yasin müəllimdir, mən deyiləm”.
Şahid isə bildirib ki, Yasin Məmmədovun tapşırğı ilə Əfsəl Həsənəliyevi yığıb, amma ondan pul istəməyib.
Bundan sonra iş üzrə zərərçəkən, MTN-dən azad ediləndən sonra intihar etmiş mərhum Cahangir Məmmədovun hüquqi varisi olan qardaşı Arif Məmmədov şahid qismində ifadə verib: “Qardaşım Cahangir beynəlxalq yük daşımaları ilə məşğul olurdu. 2013-cü ildə onu MTN-nin əməkdaşları tərəfindən tutmuşdular. Sonradan Cahangirin Əfsəl Həsənəliyev, Sərdar, Orxan, Məcid və Elman adlı şəxslərlə birlikdə Gürcüstandan pirotexniki məmulatları və yapışqan lentləri Azərbaycan ərazisindən tranzitlə keçirməklə İran İslam Respublikasına apararkən MTN əməkdaşları tərəfindən tutulduğunu öyrəndim.
Hamı bildirdi ki, onların əməlində cinayət yoxdur. Amma Cahangiri 3 ay müddətinə həbs elədilər. O zaman işi Yasin Məmmədov aparırdı. Cahangir tutulduqdan təxminən 1 ay sonra Yasin Məmmədov qardaşım Məzahirə zəng edib, öz xidməti otağına çağırdı. Orada Cahangiri həbsdən azad etməsi üçün Məzahirdən 100 min manat pul istədi. Məzahir də dedi ki, bizdə o qədər pul yoxdur. Məzahir MTN-dən çıxdı və mənim yanıma gəldi. O zaman məndə 30 min manat pul var idi. 20 min manat da Oruc Cabbarovdan borc aldım.
Növbəti görüş zamanı Yasin Məmmədov Məzahirə dedi ki, rəhbərlikdən razılıq alıb və 80 min manat veriləcəyi təqdirdə Cahangiri həbsdən azad edəcəklər. Yasin Məmmədov 50 min manatı alsa da, Cahangiri azad etmədilər. Məzahirdən əlavə 30 min manat pul tələb edirdi. Yeznəmiz Süleyman həmin vaxt 23 min 500 manat pul verdi. Yerdə qalan 6 min 500 manatı isə Cahangirin arvadı Yeganə Məmmədova Hafiz adlı şəxsdən faizlə borc aldı. Məzahir 30 min manat pulu da Yasin Məmmədova verdi. 80 min manat pul verildikdən sonra Yasin Məmmədov Cahangiri guya ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından rəy alıb həbsdən azad etdi”.
Arif Məmmədov deyib ki, qardaşı Cahangir Məmmədov həbsdən çıxandan sonra çox sıxıntı keçirib: “Bu gün bu adamlar burada törətdikləri cinayətləri boyunlarına almırlar. Amma cinayətləri ortadadır. Bu adamlar zərərçəkənlərdən aldıqları pullarla arvad-uşaqlarına pal-paltar alıblar. İndi də üzümüzə dirənirlər”.
Məhkəmə zalından zərərçəkənlərin “haram xoşları olsun” replikası eşidilib.
Arif Məmmədov ifadəsinin davamında qeyd edib: “Cahangir həbsdən çıxandan sonra özünə gəlmirdi. Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Əvvəlcə özünü bıçaqladı. Sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsində özünü atdı, həyatına son qoydu. Bu adamlar özlərini elə aparırlar ki, guya heç nə baş verməyib”.
Daha sonra Arif Məmmədov vəsatət verib. O, məhkəmədən xahiş edib ki, qardaşı Cahangir Məmmədovun ölüm ilə bağlı xitam olunmuş cinayət işi qanunamüvafiq olaraq istintaqa qaytarılmaqla yenidən araşdırılsın.
Yasin Məmmədov isə bildirib ki, Arif Məmmədov gözünün içinə qədər yalan danışır, qardaşının ölümündən istifadə edərək pul qazanmaq istəyir.
Yasin Məmmədovun belə təhqiramiz və məhkəməyə aşkar hörmətsizlik ifadə edən hərəkəti zərərçəkmiş şəxslərin kəskin münasibət bildirməsinə səbəb olub.
Vəkil Osman Kazımov isə Yasin Məmmədovun bu hərəkəti ilə baglı məhkəməyə etirazını bildirib. Hakim Elbəy Allahverdiyev Yasin Məmmədova irad bildirib.
Mərhum Cahangirin Məmmədovun digər qardaşı Məzahir Məmmədov da şahid qismində ifadə verib. Şahid deyib ki, qardaşının başına gələnlər birbaşa olaraq qanunsuz həbsi, evinin satdırılması və ondan tələb olunan rüşvəti vermək üçün külli miqdarda borca düşməsi ilə əlaqəli olub.
Bundan sonra vəkil Osman Kazımov Yasin Məmmədova bir neçə sual verib.
Məlum olub ki, Cahangir Məmmədov həbsdə olduğu zaman Yasin Məmmədov dəfələrlə qardaşı Məzahir Məmmədovla əlaqə saxlayıb. Vəkil Yasin Məmmədovun Məzahir Məmmədovla əlaqə saxlamasının səbəbini soruşub.
Yasin Məmmədov deyib ki, Məzahir Məmmədovla əlaqə saxlamaqda məqsədi Cahangir Məmmmədov üçün sovqat gətirilməsi ilə bağlı olub.
Vəkil isə deyib ki, təcridxanaya ərzaq baglamalarının verilməsi təcridxananın rəisi səviyyəsində həll olunur. Vəkil Osman Kazımovun "Məzahir Məmmədovu iş üzrə şahid qismində dindirmisinizmi" sualına Yasin Məmmədov “dindirməmişik” deyə cavab verib.
Vəkil “əgər şəxsi aparılan istintaq işi ilə baglı dindirməmisinizsə onda Məzahir Məmmədovu hansı əsaslarla MTN-nin inzibati binasına istintaq idarəsinə dəvət edərək qəbul etmisiniz?” sualına Yasin Məmmədov “onu ancaq ərzaq bağlamalarının qəbulu ilə bağlı qəbul etmişəm” cavabını verib.
Vəkilin “Əgər siz deyən həqiqətdirsə nə üçün bu barədə istintaq təcridxanasının rəisi ilə danışaraq ərzaq baglaması məsələsini həll etmir, şəxsən qəbul edirdiniz” sualına Yasin Məmmədov "insani münasibət göstərirdim" cavabını verib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.