Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silahlı basqın hadisəsi törətməkdə təqsirli bilinən Ümid Cəfərov, onun qardaşı Mirağa Cəfərov və Amid Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənzilə silahlı cinayət törətməkdə təqsirli bilinən Bakı şəhər sakinləri Ümid Cəfərov ,onun qardaşı Mirağa Cəfərov və dostu Amid Qasımov tutulub.
Onlar rayon ərazisindəki mənzilə daxil olub, ev sahibi Nail Rzayevin əl-ayağını bağlayıblar. Sonra da ona hədə-qorxu gəlib pul və qızıl-zinət əşyaları tələb ediblər. Beləliklə, dəstə üzvləri evdən tapdıqları qızıl üzük və mobil telefonu götürüb aradan çıxıblar.
İstintaqa ifadə verən dəstə üzvlərindən Ümid Cəfərov deyib ki, onların üzərində bıçaq da olub. O, evə daxil olan kimi qardaşı ilə birlikdə ev sahibini hədələyib əl-qolunu bağlayıb. Dostu isə məzilin altını üstünə çevirib. Dəstə üzvləri mənzilə soxularkən maskalı olublar.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Məhkəmə dekabrın 1-də davam etdiriləcək.
Hacı Zeynalov