İş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmədə zərərçəkmiş qismində Aslan Qəhrəmanov ifadə verib.
Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, Maqsud Mahmudov ondan 650 min manatdan artıq pulu dələduzluq yolu ilə keçirib:
"Maqsudla çox yaxın olmuşam. Evimizdə olub, anama ana deyib. Bir gün Maqsud dedi ki, MTN-ə işim düşüb. Dedi ki, mənə təcili 500 min manat pul lazımdı. Axşam dostlarımla birlikdə gəldik restorana, orada söhbət elədik. Mənə dedi ki, obyektini ver mənə, satım 590 min manata. Mən razılaşmadım. Maqsud ağladı. Sonra məni yola gətirib obyektini 310 min dollara satdılar. Alqı-satqı elədik.
Alan vətəndaşlar bank vasitəsilə pulu ödədi. Maqsud həmin pulu da götürdü, dostumun da maşınını satdı, o pulu da götürdü. Mən ona dost kimi köməklik etmişəm. Sonradan Maqsud qaçdı, getdi.
Hər dəfə Ukraynadan zəng edirdi ki, gəlib sənin pulunu verəcəm. Mən də inanırdım. Ağlıma gətirməzdim ki, evimdə çörək kəsən, anama "ana" deyən adam mənə pul atar. İstintaq müddətində bəzi söhbətlər açıldı ki, Maqsud mənə pulu atıb. İstintaqda deyib ki, mən ona pul verməyəcəm.
Ümumilkdə danışıq olmuşdu ki, mənə 500 min manat borcludur. Mən ona dollarla vermişdim pulu, dollar 1.05 manat idi. Sonradan dollar da bahalaşdı. Ümumilikdə 615 min manat alıb. Amma mən həmin obyektin arendası ilə dolanırdım. Həmin vaxtdan arenda da almıram. Maqsud kimə nə qədər borcludur, özü bilər. Dövlət onun cəzasını verər.
Hər şeyini qardaşının və bacılarının adına keçirib. Bizdə borc namusdur, biz azərbaycanlı kişiyik. Bunu burda, hamının içində deyirəm ki, Maqsud mənim pulumu verməsən, nəslini qıracağam".
Zərərçəkmişin hədə-qorxu gəlməsinə Maqsud Mahmudov belə cavab verib: “Bu sənin başın üçün deyil”.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.
İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham elan edilib.
Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa elan edib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.