6 İyul 2022 13:29
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçiriib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Racif Əsgərli ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsi 2017-ci ildə tanıyıb: “Ramin Hacılının yanında işləyirdim. Sənədləri tərcümə edirdim, otellərdə danışıqda, eləcə də turistlərlə danışıqda tərcüməçi kimi işləyirdim. İngilis dilim yaxşı olduğuna görə, xaricdə təhsil almaq istəyirdim. Buna görə də Ramindən mənə köməklik göstərməsini xahiş etdim. Faktiki mən Raminə pul verməmişəm”.

Şahid Elman Qəmbərov tikinti materialları mağazasında işlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Almaniyaya viza almaq üçün Ramin Hacılıya 4 500 manat pul verib: “Mənə AXCP-nın üzvlük sənədini və Əli Kərimlinin imzası olan arayışları hazırlayıb verdilər. Uşağım xəstə olduğuna görə müalicə ilə bağlı getməli idim. Həmin sənədləri mənə şəxsən Ramin Hacılı verməyib”.

Ramin Hacılının vəkili Rəşad Əliyev vəsatətlə çıxış edib. Vəkil müdafiə etdiyi şəxslə bağlı məhkəmə tibbi ekspertizanın qəbul edilməsini xahiş edib: “Ramin Hacılı aclıq aksiyasını hələ davam etdirir. O, 30 kiloya yaxın çəki itirib. Biz onda onkoloji problemin olmasından şübhələnirik”.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses iyulun 13-də davam edəcək.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Ramin Hacılının barəsində olan cinayət işi ayrıca icraatda məhkəməyə göndərilib.


Müəllif: Hacı Zeynalov