Bakıda dələduzluq etməkdə ittiham olunan "Murov TSK" MMC-nın kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabricnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol"un baş direktoru olub, "Murov TSK" MMC yaradıb. 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeyanlovun şirkətinə işə düzəlib.
Bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib.
İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Ümumilikdə Nelli Əfqanın 423 min dollar pulunu mənimsəyib.
O, həmin pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib. O, xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib.
İttihama münasibət bildirən Nelli Fabricnaya özünü təqsirli bilməyib. O indiki mərhələdə ifadə verməkdən imtina edib.
Daha sonra ifadə verən Əfqan Zeynalov deyib ki, ikinci qrup əlildir. Nelli mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləmək istəyib: "Bu səbəbdən komaya düşmüşdüm. Mən ezamiyyətdə olurdum, ona görə pulları evdə saxlamırdım, seyfi Nellinin evinə qoymuşdum. Buldozer almaq üçün pul lazım oldu. Dedim, 300 min dolları gətirsin, amma Nelli müxtəlif bəhanələrlə yayınmağa başladı".
Zərərçəkmiş qeyd edib ki, Nelli pulun bir hissəsini xadiməyə verib: "Xadimə 75 min manatı mənə qaytardı. Ümumilikdə dəymiş ziyanın 105 min manatı mənə qaytarılıb. Nelli əvvəlcə xadimənin üstünə böhtan atırdı ki, pulları o oğurlayıb. Gah da deyirdi ki, pulları oğurlayan sevgilisi Raufdur".
Nelli Fabricnayanın vəkili Qəzənfər Rzayev deyib ki, Əfqan Zeynalov əvvəllər mənimsəməyə görə məhkum edilib: "O, sənəd saxtakarlığında, ölmüş adamların imzalarını saxtalaşdırmaqla mənimsəmədə ittiham olunub. Bununla da dövlətin böyük məbləğdə pulunu mənimsəyib".
Vəkil deyib ki, Əfqan Zeynalov Nellini aldadaraq onun mənzilinə qeydiyyata düşüb, seyfin açarları isə özündə olub.
Vəkil Əfqan Zeynalovun Nellini döydüyünü desə də, zərərçəkmiş özü bunu təkzib edib.
İstintaq orqanı tərəfindən Nelli Fabricnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.