7 Oktyabr 2022 16:49
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə ittiham açıqlanıb.

İttihama görə, “Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev lham Qasımovla əlbir olub, onun əmlaklarını ələ keçiriblər.

Şahin Fətəliyev Çingiz Mənsimovun etibarından sui-istifadə edib, onun mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.

Prosesdə Çingiz Mənsimovun qızı Fərəh Mənsimova ifadə verib. O deyib ki, xaricdə yaşayırmış:

"Bakıya gəlmişdik. Yoldaşımın telefonuna zəng gəldi. Nömrəni haradansa tapmışdılar. Dedilər, əgər gəlib qeydiyyatdan çıxmasaq, məhkəməyə verəcəklər. Ondan sonra bildik ki, ev satılıb. Sonra araşdırdıq, məlum oldu ki, atamın digər evlərini, maşınını da satıblar".

Fərəh Mənsimovanın sözlərinə görə, Şahin Fətəliyev təxminən 25 il ərzində onların sürücüsü olub: "Ona ailəmizin bir üzvü kimi yanaşmışıq. Mən ona “dayı” deyirdim, elə də yanaşırdım. Nə biləydim ki, belə hadisələr edər. Atam dializ xəstəsi idi, müalicəyə görə tez-tez İsrailə gedib-gəlirdi".

Fərəh Mənsimova deyib ki, atası ölkədə olmadığı müddətdə lazım olan hüquqi addımların atılması üçün sürücüyə etibarnamə verib: "Bir evi atamın adından tanışı İlham Qasımovun adına keçirib, sonra da satıb. Həmin vaxt məlum oldu ki, bağ evimizi də satışa çıxarıb, elan verib. 44 sot ərazisi, 300 kvadrat metr evi olan bağı əlimyandıda 100 min manata satışa çıxarmışdı. Atamın "Toyota Prado” markalı maşını vardı. Şahin onu Lənkərandan kiməsə satıb. Atam soruşanda ki, maşın hardadı, dedi ki, ustadadı. Amma yalan deyirmiş".

Şahin Fətəliyev isə özünü qismən təqsirli bilib. O bildirib ki, əmlakları satıb, borcunu ödəyib.

Digər təqsirləndirilən İlham Qasımov isə ümumiyyətlə, özünü təqsirli bilməyib. O bildirib ki, Şahin Fətəliyevin xahişi ilə notariusdakı hüquqi addımlarda iştirak edib.

Qeyd edək ki, zərərçəkmiş Çingiz Mənsimov bir müddət öncə vəfat edib. Onun qızı keçmiş sürücülərinə qarşı 700 min manatlıq mülki iddia qaldırıb. Deyib ki, əslində dəymiş ziyan bu məbləğdən daha çoxdur, çünki satılan təkcə bir mənzilin bazar qiyməti 400 min manatdır.

İstintaq orqanı tərəfindən Şahin Fətəliyevin barəsində Cinayət Məcəlləsinin CM-in 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), İlham Qasımovun basərəsindı isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər