İki gündür Rəşadla əlaqə saxlamağa çalışıram, amma alınmır. Axşam yanına yemək aparmaq istədim, dedilər, artıq gətiriblər.
Teleqraf.com xəbər verir ki, bunu Qaradağ Rayon Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında Rəşad Dağlının dostu Ataş Hüseynov deyib.
O bildirib ki, hadisədən bir gün əvvəl toy məclisində olublar: "Mən o məclisin görüntülərini də paylaşmışam. Biz bilmirik münaqişəyə səbəb olan hadisə məclisdə baş verib, ya məclisdən sonra. Bu hadisə ilə bağlı Rəşad heç kimə heç nə deməyib. Nə qardaşı, nə də mən bilməmişik ki, belə bir hadisə üçün gedir. Bilsəydik qoymazdıq getsin.
Rəşad idmançı idi, əli-qolu güclü idi. Heç vaxt üstündə bıçaq gəzdirməzdi. Bir problem olsa, dalaşardı, amma belə yox. Mən düşünürəm ki, o, özünü müdafiə edib. Amma hər şey yekun araşdırmadan sonra bəlli olacaq".
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü Rəşad Əmirov 1979-cu il təvəllüdlü qonşusu İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.