12 Dekabr 2014 15:05
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə baş verən qanlı olayın təqsirkarının cəzası artırıldı

Şəki Apelyasiya Məhkəməsində yaxın dostuna görə adam öldürməkdə təqsirli bilinən Mingəçevir sakini Kamran Hüseynlinin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protesti üzrə məhkəmə başa çatıb. İttihama görə, təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Sağ sahil küçəsində münaqişə zəminində həmyerlisi Tural Mahmudovu bıçaqlayaraq qətlə yetirib.

1 iyul 2012-ci ildə axşam saat 10-da Kamran Hüseynlinin dostu Ziya Ziyazadə Atəş Abduləzizovla mübahisə edib. Kamran davanın şahidi olan Ceyhun İsgəndərovdan hadisənin səbəbini soruşub. Bu zaman onların arasında mübahisə yaranıb, Ceyhun Kamranı vuraraq qaçıb. Kamran da onun arxasınca söyüb. Söyüşləri Ceyhun İsgəndərovun xalası oğlu Tural Mahmudov eşidib və Kamrana hücum edərək, onu döyməyə başlayıb.

Kamran Hüseynli cibindən bıçaq çıxararaq Turalı qətlə yetirib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Hüseynli 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək Kamran Hüseynlinin cəzasının 15 ilə qədər artırılmasını tələb edib.

Bir müddət əvvəl Şəki Apelyasiya Məhkəməsində işə baxan hakimlər Baş Prokurorluğun protestini qismən təmin edib və Kamran Hüseynlinin cəzasını 10 ilə qədər artırıb.

Məhkəmənin qərarından prokurorluq Ali Məhkəməyə şikayət verib. Prokurorluq Kamran Hüseynlinin cəzasının ağırlaşdırılması üçün işin yenidən apelyasiya instansiyasına qaytarılmasını istəyib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin ediblər və yenidən baxılması üçün işin apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul ediblər.

Hakim Kamil Rəhimovun sədrliyi ilə keçən prosesdə yenidən qərar oxunub, Kamran Hüseynlinin apelyasiya şikayəti təmin edilməyib. Məhkəmə Baş Prokurorluğun və zərərçəkmişin hüquqi varisinin apelyasiya protesti qismən təmin edilib. Kamran Hüseynli 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı


Müəllif:

Oxşar xəbərlər