“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Əvəz Zeynallının vəkilləri onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılmasını istəyiblər.
Vəkil bildirib ki, Əvəz Zeynallı görmə qabiliyyətini itirmə təhlükəsi ilə üz-üzədir. Onun tutulmamışdan 20 gün əvvəl Tədris Cərrahiyyə Klinikasında müayinədən keçdiyi, təcili gözündən əməliyyat olunmasına dair həkim rəyi məhkəməyə təqdim olunub.
Əvəz Zeynallı özü də vəsatətə münasibət bildirərkən qeyd edib ki, məhkəmə onun əməliyyat olunması üçün şərait yaratmalıdır.
Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş edib. O, Əvəz Zeynallının cinayət əməlinin ictimai ağırlığını nəzərə alaraq ev dustaqlığına buraxılmasını məqbul saymayıb.
Hakimlər müşavirə keçirərək elan ediblər ki, Əvəz Zeynallı ev dustaqlığına buraxılacağı təqdirdə zərərçəkmiş və şahidlərə təsir göstərə bilər. Səhhəti ilə bağlı problemin isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılmasının mümkün olduğu vurğulanıb. Bu əsaslarla vəsatət təmin olunmayıb.
Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktı elan olunan zaman proses iştirakçıları çıxışı eşidə bilmədikləri üçün etiraz ediblər.
Prokurordan mikrofonla danışması xahiş edilib. Lakin məhkəmə zalında mikrofonlar işləmədiyi üçün ittihamçı çıxışına bu formada davam edib.
Əvəz Zeynallı ittihamla razı olmadığını deyərək bir neçə dəfə prokurorun çıxışını kəsib. Hakim prosesin gedişatının pozulması səbəbi ilə məhkəməni təxirə sallb.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.