Gədəbəy rayonunda 1964-cü il təvəllüdlü Aqil həmkəndlisi, 1963-cü ildə anadan olmuş Valehi (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Aqil Gədəbəy rayonunun kəndlərindən birinin ərazisində yerləşən “Kartof anbarı”na nəzarət edən tanışı Valeh tərəfindən köhnə taxtaların satıldığını öyrənib.
Aqil oğluna kənd ərazisində tikilmiş evin tavanına üstünə vurulması üçün taxta almaq qərarına gəlib. Bu məqsədlə 15 iyun 2022-ci ildə səhər saat 10 radələrində oğlu ilə birlikdə Valehin olduğu anbara gedib.
Valehdən köhnə taxtaları 300 manata, əlavə olaraq 3 ədəd taxta altlığı isə 10 manata almağa, həmçinin araq alacağı təqdirdə Valehə qonaqlıq verməsi təklifi ilə razılaşıb. Birlikdə yeyib-içərkən Valehə 70 manat verib, yerdə qalan 240 manatı isə oğlu əməkhaqqını aldıqdan sonra verəcəyini söyləyib.
Aqil köhnə taxtaları anbarın həyətindən kənd sakini Vüsalın “Qaz 54” markalı yük avtomobilinə yükləyərək yola saldıqdan sonra Valehlə tək qalıb.
Onlar əvvəlcə anbarın həyətində, daha sonra isə mətbəxində yeyib-içməyi davam ediblər. Mətbəxdə hər ikisi sərxoş olarkən Valeh uşaq yaşlarında Aqilə qarşı əxlaqsız hərəkətlər etməsi, yəni seksual xarakterli hərəkətlər etməsi barədə sözləri təkrar-təkrar deyib.
Aqil zarafatdan qəzəblənib və onun baş nahiyəsindən şüşə butulka ilə vurub. Daha sonra bıçaqla bir neçə zərbə endirib. Valeh aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Qiyməti 300 manata endirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Valehi uşaq yaşlarından tanıyıb: “Münasibətimiz həmişə yaxşı olub. Valeh kənd ərazisində “Likoil” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən kartof anbarında gözətçi işləyib.
Oğlum Vidadi üçün kəndin mərkəz hissəsində 10 sot torpaq sahəsində ev tikdirmişəm. Hadisədən bir neçə gün əvvəl Valehlə telefonda danışarkən anbarda köhnə işlənmiş taxtaların olduğunu, almaq istəyib-istəmədiyimi soruşdu.
Oğlum üçün tikdirdiyim evin tavanının üstünə köhnə taxta vurdurmaq istədiyimdən həmin gün saat 9-10 radələrində Valehin gözətçi işlədiyi anbara getdim, köhnə taxtalara baxdım. Valeh köhnə taxtalar üçün məndən 350 manat istədi. Məbləğlə razılaşmadım, Valeh qiyməti 300 manata endirdi”.
“Araq və yemək aldım”
Aqilin sözlərinə görə, iyunun 15-də səhər saatlarında Valehin mobil telefonuna zəng edib: “Zəngə arvadı cavab verdi, yoldaşının telefonunun evdə qaldığını, özünün isə anbarda olduğunu bildirdi. Oğlumla birlikdə “VAZ 2105” markalı avtomobillə Valehin işlədiyi anbara getdik. Onu anbarda tapmadıq. Biz çağırdığımız üçün kənddən anbara gəldi.
Valehlə belə razılığa gəldik ki, köhnə taxtalara 300 manat, 3 ədəd taxta altlığa isə 10 manat verəcəm. Taxtaların bir hissəsi bir-birinə mismarla bərkidilmiş halda idi. Valeh dedi ki, taxtalardakı mismarı sökməyə kömək edəcəm, bu şərtlə ki, mənə yemək alasan. Bu şərtə razılaşdım.
Taxtalardakı mismarı sökməzdən əvvəl taxtaları daşımaq üçün kəndin mərkəzinə maşın axtarmağa getdim. Maşın tapa bilmədim. Təklif etdim ki, artıq nahar vaxtı yaxınlaşır, yemək alıb gedib taxtaları söküb, yeməyi yeyək. Yaxınlıqdakı “Al market”dən sosiska, xiyar-pomidor, həmçinin araq və siqaret aldım. Sonra Valeh və oğlumla anbara qayıtdıq. Taxtaları sökməyə başladıq”.
“Arağı yarıyadək içdik”
Aqilin sözlərinə görə, taxtaları sökən vaxt Valeh başında ağrı olduğunu bildirib və onun mobil telefonu ilə zəng edərək arvadını yanına çağırıb: “Həmçinin yemək bişirməyə yağ gətirməyi də tapşırdı. Yarım saat sonra Valehin arvadı Südabə anbara gəldi. O gələnə qədər taxtalardakı mismarları sökmüşdük. Oğlum maşın tapmaq üçün kəndə yollandı.
Təxminən 1 saat sonra Südabə də getdi. Mən isə Valehlə birlikdə yemək hazırladım. Çörək olmadığı üçün oğluma zəng edib, 2 ədəd zavod çörəyi alıb gətirməyi tapşırdım. Az sonra oğlum gəldi. Həyətdəki “besedka”da oturub yemək yeməyə başladıq.
Biz yemək yeyən ərəfədə Valeh taxtanın pulunu istədi. Cibimdən 70 manat pul çıxarıb ona verdim. Razılaşdıq ki, oğlum əməkhaqqını alanda 240 manatı da verəcək.
Biz yemək yeyib qurtarana yaxın Vüsal adlı şəxs idarə etdiyi “Qaz 53” markalı yük maşını ilə taxtaları aparmaq üçün gəldi.
Oğlum araq içmədi. Mən və Valeh arağı yarıyadək içdik. Birlikdə taxtaları Vüsalın maşınına yüklədik. Oğlum Vüsalı çağırdı və onlar çıxıb getdilər”.
“Cinsi əlaqədə olmağa cəhd etmişik”
Təqsirləndirilən şəxs qeyd edib ki, orada o və Valeh qalıblar: “Çöldə “besedka”nın yanında dayanıb söhbət edəndə Valeh mənimlə zarafat etməyə başladı. Bildirdi ki, mənim 12 yaşım, onun da 13 yaşı olarkən birlikdə qoyun otarmaq üçün örüş yerinə getdiyimiz vaxt orada bir-birimizlə cinsi əlaqədə olmağa cəhd etmişik.
Valehə bizə bu cür danışmağın yaraşmadığını, həmin vaxt uşaq olduğumuzu dedim. Valeh dedi ki, arağımız hələ qalıb, gedək mətbəxdə pörtləmə var, onu qızdırım, yeyib, arağımızı içək. Onun sərxoş olduğunu və ağzının danışığını bilmədiyini gördüm. Buna görə oradan getmək istədim. Amma Valeh mənə imkan vermədi.
Mən getmək istədiyimi dedikdə isə “daha söhbət qurtardı, gedək yeməyimizi yeyək” söylədi. Etiraz etmədim. Mətbəxə daxil olduq. Valeh içərisində quzu ətindən pörtləmə olan qazanı qazın üzərinə qoydu. Yemək isindikdən sonra Valeh özü boşqab qoyub hər ikimizə yemək çəkdi. Yeyib içməyə davam etdik. Qrafinkanın dibində lap az araq qalmışdı. Hər ikimiz bərk keflənmişdik”.
“Ayıldıqda polis şöbəsində olduğumu gördüm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, yemək yeyən zaman Valeh yenidən onunla zarafat eləməyə başlayıb: “Zarafat mübahisəyə səbəb oldu. Uşaq vaxtı Valeh onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğumu, amma balaca olduğundan heç nə eləyə bilmədiyini dedi. Ünvanıma nalayiq ifadələr işlətdi. Valeh bu sözləri təkrar-təkrar deyərək məni təhqir etdi. Mətbəxdə Valehlə əlbəyaxa olduq. Bir-birimizin yaxamızdan tutaraq dartışa-dartışa mətbəxdən çölə, həyətə çıxdıq.
Valeh mənim qollarımdan tutaraq dartışdırdığımız üçün masanın üzərindəki şüşə qrafinkanı onun başına vurdum. Sonra mətbəxin qarşısında olan "besedka"dakı stolun üzərində olan bıçağı götürdüm, Valehi bir dəfə vurdum. Bərk sərxoş olduğumdan Valehi necə və harasından vurduğumu xatırlamamışam.
Anbarın darvazasından çıxaraq kəndinin mərkəzinə getdim. Orada qohumula rastlaşdım. Ona Valehi bıçaqladığımı dedim. Bundan sonra baş verənləri xatırlamamışam. Ayıldıqda Gədəbəy rayon polis şöbəsində olduğumu gördüm. Məni polis şöbəsinə kimin gətirdiyini də bilməmişəm”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aqil 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs aperllyasiya şikayəti verib. O, barəsində olan cəzanın ağır olduğunu qeyd edib və cəzasının yüngülləşdirilməsinin istəyib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. İşi araşdıran hakim heyəti sonda qərar elan edilib.
Qərara görə, şikayət təmin edilməyib.