18 Oktyabr 2023 11:37
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Şahin Kazımov ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, qardaşı polis mayoru Ramil və digər şəxslərlə birlikdə maşınla xəstəxanaya gedəndə atəşə tutulublar: "Bunu edənlər Vaqif, Armayis, Armayısın qardaşı oğlu Spartak idi. Vaqifi də həmin dövrdən tanıyıram. Vaqifin yaşadığı kənddə başçılar kim idi, onları yaxşı tanıyarm. Ən qatı cinayətkar, həmin hadisələrin başçısı Qapariyan Dəmir idi. Qırğında iştirak edənlər Badara və Daşbulaq kəndinin sakinləri idi. O qədər harınlamışdılar ki, gözləri heç nə görmürdü.

Dayımı yolda tutub, Badara kəndinə aparmışdılar. Dayım oradan qaçmışdı. Vaqif, orada heç kimi tək-tək tanımağa ehtiyac yoxdur. Çünki qırğınları kimlər törədib, bunu hamı yaxşı bilir. Evimizdə çörək yeyənlər bizə qəsd etdilər. Əvvəlcə bir-bir öldürürdülər. Elə kənd olmadı ki, orada soyrıım törədilməsin. Hər ev şəhid verib. Evimizdə çörək yeyənlər qardaşıma güllə atdılar. Bunlar insan deyillər".

Zərərçəkmiş Məmməd Zeynalov bildirib ki, 1991-ci il dekabrın 23-də səhər saat 7-də Meşəli kəndinə hücum olub: "Evləri yandırdılar. İlk Novruz kişinin evini yandırdılar, imkan vermədilər ki, evdən çölə çıxan olsun. Mən bunları yaxşı tanıyıram. Badara kəndinə gedib-gəlmişəm. Körpə uşağı yandırmışdılar. Kosalardan köməyə gələn olmasaydı, oradan sağ çıxan olmayacaqdı. Yalan danışır burada. Hamısını özləri törədiblər. Bizim toylara gəlirdilər, biz də onlara gedirdik".

Vaqif Xaçaturyan deyib ki, onun toyuna Meşəli kəndindən bir stol qonaq gəlib.

Xaçaturyanun sözlərinə görə, Məmməd Zeynalovu tanıyır, onunla meşədə odun doğramağa gediblər.

Zərərçəkmiş Ramiz Allahverdiyev bildirib ki, Meşəli faciəsinin şahidi olub. Həmin hadisələr zamanı 9 aylıq qızını don vuraraq ölüb. O, Vaqif Xaçaturyandan şikayətçi olduğunu deyib.

Prosesdə fasilə elan olunub. Məhkəmə iclası oktyabrın 24-də saat 10.00-da davam edəcək.

***

10:53

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımını törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Fazil Hacıyev ifadə verib.

Teleqraf.com xəbər verir ki, Fazil Hacıyevin sözlərinə görə, təqsirləndirilən Vaqif Xaçaturyanı tanıyır, Meşəli faciəsinin əsl səbəbkarı bu şəxsdir: "Bir evdə 5 nəfəri yandırdılar. Bunlar hamısı kəndi yaxşı tanıyırdılar. Kənddən çıxışları kəsmişdilər. Məktəbdə 5-6 nəfəri diri-diri yandırdılar. Əvəz dayı, Qönçə xala, Allahverdi dayını yandırmışdılar. Tanınmaz hala salmışdılar".

Vaqif Xaçaturyan deyib ki, zərərçəkmişi tanımayıb, yadına sala bilmir, zərərçəkmişdən onu harada gördüyünü soruşub. Zərərçəkmiş belə cavab verib: "Xəstəni güllələyən, polisi ayağından vuran sən deyildin? İndi burada danırsan. Sən cinayətkarsan. Ən ağır cəza verilməlidir".

Zərərçəkmiş Arzu Rüstəmovun sözlərinə görə, Ağdam rayonunun Xıdırlı kənd sakini olub, təqsirləndirilən şəxsi tanımayıb: "Meşəlidə olmamışam. Qardaşım Hidayət Rüstəmov polis nəfəri kimi Meşəli kəndinə ezam olunmuşdu. Qardaşımı orada yandırmışdılar. Külünü gətirdilər, dəfn etdik. Həmin kəndin sakinləri deyirlər ki, kəndi yandırıblar, polisləri yandırıblar. Rəhmətliyin əynində jaketi var idi. Biz də külü basdırdıq. Şikayətçiyəm, təqsirləndirilənə ağır cəza verilsin".

Qeyd edək ki, Hidayət Rüstəmov Milli Qəhrəmandır.

***

10:42

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Bəsti Behbudova ifadə verib.

Teleqraf.com xəbər verir ki, Bəsti Behbudovanın sözlərinə görə, təqsirləndirilən şəxsi tanımayıb. Meşəli hadisəsi zamanı özü uşaq olub, hadisələri özü xatırlamasa da, böyüklərindən faciə haqqlnda eşidib: "Atam həmin hadisələrdə güllə yarası alıb, sonradan ağır xəstəliklər keçirib. Bir müddət sonra vəfat etdi. Atamın necə əziyyət çəkdiyi gözümün qabağındadır. Təqsirləndirilənə ən ağır cəza verilməsini istəyirəm".

Digər zərərçəkmiş Bayram Hacıyev bildirib ki, hadisələr vaxtıcavan olub, əsgərlikdən yeni gəlibmiş və təqsirləndirilən şəxsi sürücü kimi tanıyırmış: "Hadisə günü hamı Vaqif deyirdi. Mən bilmirdim, bu kimdir. Hadisədən sonra deyirdilər ki, üstümüzə Vaqifin dəstəsi gəlib. Dəhşətli hadisələr törətmişdilər. Vaqifi tanıyanlar onun adını çəkirdilər. Kənd sakini rəhmətlik Qənimətin azyaşlı oğlunu çaydanla yandırdılar".

Vaqif Xaçaturyan and-aman edib ki, guya həmin hadisələrdə iştirak etməyib. Zərərçəkmiş bildirib ki, onların and içməsini çox görüb. Əlavə edib ki, Vaqifdən başqa digər şəxslər də həmin hadisələrdə iştirak edib.

Zərərçəkmiş Ədalət Salmanovun sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər tezdən kəndə hücum olub: "Azərbaycan dilində xəbərdarlıq etdilər ki, kəndi tərk edin. Kənddə dedilər ki, səs eləyən erməni Armayisdır. Sonradan dedilər ki, Vaqif də orada olub. Mənim Daşbulaqda maşınımı yandırdılar. Hər cür əzabi-əziyyəti görmüşük. Burada daha bir adamın adı çəkilmirlər. Qarok, Armayis və Vaqif əsas adamlar idilər. Badara kəndinin sakinləridir".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər