11 Mart 17:23
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilib. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən hazırkı mərhələdə hər hansı vəsatətləri olmayıb.

Prokuror isə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını, işin baxışa təyin edilməsini istəyib.

Təqsirləndirilən şəxs və onun müdafiəçi işin məhkəmə baxışına verilməsinə razı olduqlarını deyiblər.

Hakimlər cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediblər.

Məhkəmənin ilk baxış iclası martın 18-ə təyin edilib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı Sadiq Hacıyevin 1.5 milyon manat mənimsədiyi məlum olub .

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.


Müəllif: Hacı Zeynalov