14 Mart 14:01
3 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda 1990-cı il təvəllüdlü Mahmud 1998-ci il təvəllüdlü həyat yoldaşı Şahnazı (adlar şərti verilib – red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mahmud rəsmi nikahda olduğu arvadı Şahnazın mobil telefonu ilə gizli şəkildə başqa kişilərlə əlaqə saxlayaraq ona xəyanət etməsindən şübhələnib. Habelə 2023-cü il iyunun 16-dan 17-nə keçən gecə saat 3 radələrində qonşusu Elməddinlə yaşadığı evdə gizli görüşərək əxlaqsızlıq etdiyini öyrənib.

Bu səbəbdən uzun müddət Şahnazla mübahisələr edib. Şahnaz 6 avqust 2023-cü ildə yaşadığı evdə sirkə turşusu içməklə zəhərləndiyi üçün xəstəxanada müalicə olunub. Arvadı anası evində yaşamağa başlayandan sonra qısqanclıq zəminində qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

Mahmud cinayətkar niyyətini həyata keçirmək üçün Şahnazın sirkə turşusu içməsinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanına birlikdə izahat verməyə getmək bəhanəsi ilə görüşmələri üçün mobil telefonla danışaraq onu razı salıb. Avqustun 16-da saat 14 radələrində mağazadan bıçaq alıb. Cinayəti törətmək üçün cəsarətlənmək məqsədilə Salyan şəhəri ərazisindəki kafelərin birində üç stəkan pivə içərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşüb. Sonra piyada 6 saylı şəhər poçt şöbəsinin inzibati binasının qarşısına gəlib.

Mahmuddan əvvəl bacısı Fərqanə ilə birlikdə həmin yerə gəlib, onu gözləyən Şahnazla salamlaşdıqdan dərhal sonra özündə olan bıçaqla ona xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

“Ayrı evdə yaşamağı tələb etdi”

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Salyan rayonunun kəndində yaşayıb, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olub: “Əvvəllər Salyan şəhərində təkər təmiri sexində işləmişəm. Məlum hadisədən bir neçə ay əvvəl fəhlə işləmək üçün Bakı şəhərinə getdim.

2016-cı ildə Şahnazla ailə quraraq rəsmi nikaha daxil oldum. Onu atama məxsus evə gəlin gətirdim. Birgə nikahımızdan qızım Səlimə və oğlum Nəcəf dünyaya gəldilər. 2019-cu ilədək ata evində normal yaşamışıq. 2019-cu ildən Şahnaz məişət məsələləri ilə əlaqədar valideynlərimlə mübahisə etməyə başladı və ayrı evdə yaşamağı tələb etdi. Buna görə atam həyətdə olan boş torpaq sahəsində ev tikdirdi və 2020-ci ildə ailəmi ora köçürtdü. Təzə evə köçəndən altı-yeddi ay normal yaşadıq”.

“Çətinliklə yola gətirirdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ildən etibarən Şahnaz onunla yola getməməyə, xırda məişət məsələlərinə görə mübahisə, münaqişə etməyə başlayıb: “Artıq məni sevmədiyini, məndən boşanmaq istədiyini bildirdi. Mənsə Şahnazdan boşanmaq istəmədim. Buna görə aramızda dava-dalaş oldu. Belə davaların birində Şahnaza şillə vurdum. O da küsərək atası evinə getdi və barəmdə Salyan Rayon Polis Şöbəsinə şikayət etdi.

Şahnazı güclə yola gətirib onunla barışdığımdan barəmdə cinayət işi başlanmadı. Sonra o, boşanmaq üçün Salyan Rayon Məhkəməsinə ərizə verdi.Sonra da barışdığımız üçün ərizəsini geri götürdü. Bir müddət mehriban yaşasaq da, Şahnaz yenə də müxtəlif bəhanələrlə məndən küsüb atası evinə getdi. Mən onu hər dəfə çətinliklə yola gətirmişəm, barışmışıq”.

“Şübhələrim artmağa başladı”

Mahmud qeyd edib ki, 2022-ci ildə Şahnazın öz mobil telefonu ilə evin hamamında gizli-gizli tanımadığı kişi ilə danışdığını eşidib: “Telefonu Şahnazın əlindən almaq istəyəndə onu yerə çırparaq sındırdı. Nömrəni tapa bilmədiyim üçün onu tam ifşa edə bilmədim. Sonradan ona yeni mobil telefon aldım.

Şahnaz mənə soyuq davrandığından, normal qadın-kişi münasibəti qurmaq istəmədiyindən, mənimlə intim münasibətə girməkdən yayınmağa çalışdığından xəyanət etməsinə şübhələrim artmağa başladı.

Son zamanlar o, mobil telefonun kodunu məndən gizlədir, telefonunu araşdırmağa mənə icazə vermirdi. Buna görə ondan daha da şübhələnirdim. Hərdənbir işləmək üçün Bakı şəhərinə gedib orada bir neçə gün qalırdım. Həmin müddətdə Şahnaz evdə tək olurdu. Qayıdanda Şahnazın özünü aparmağından mənə xəyanət etdiyi şübhəsinə düşürdüm.

Bakı şəhərində olanda Şahnaz bir dəfə də məndən küsərək xəbərsiz atası evinə getdi. Onu evə anası qaytardı”.

“Telefonunda çılpaq şəkillər tapdım”

Mahmudun ifadəsinə görə, 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə, evində Şahnazın mobil telefonu azyaşlı oğlunun əlində olanda qəfildən telefonu uşağın əlindən alıb, telefonun içərisini axtaranda şəkillərin olduğu qovluqda qonşusu Elməddinin tək, habelə kişi cinsiyyət orqanı və Şahnazın özünün sinə hissəsi, döşləri, cinsiyyət orqanının mobil telefonla çəkilmiş fotoşəkillərini görüb:

“Şahnazdan fotoşəkillər barədə soruşdum. Elməddinin öz şəkilini səhvən ona göndərdiyini, kişi cinsiyyət orqanının şəkilini saytların birindən götürdüyünü, öz bədəninin çılpaq şəkilinə isə özünün baxması üçün çəkdiyini bildirdi, fərziyyələr uydurmaqla aldatmağa çalışdı.

Bundan sonra Şahnaz mobil telefonu məndən gizlətməyə daha çox çalışdı, giriş kodunu dəyişdi. Bütün qovluqlara, girişə parol qoydu. Şahnazın mənə xəyanət etdiyini bildim. Lakin uşaqlara görə ona heç nə edə bilmədim. Azyaşlı oğlum Bakı şəhərində xəstəxanada əməliyyat olunduğu vaxt Şahnaz yeddi-səkkiz gün uşağın yanında qaldı, xəstəxanadan çıxmaq istəmədi. Onun bu hərəkətindən xəstəxanada kiminləsə mənə xəyanət etməsindən şübhələndim”.

“Hamının mənə qəribə baxdığını düşündüm”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin iyul ayında Bakı şəhərində yaşayan xalası Yetərin evində qonaq olub:

“Xalamdan eşitdim ki, Şahnaz qonşumuz Elməddinlə görüşür, Elməddinin arvadı onları birlikdə tutub. Yenə də uşaqlarıma görə boşanmaq istəmədim. Şahnazı Elməddinlə bir yerdə özüm tutduqdan sonra taleyi haqda fikirləşəcəyimi planlaşdırdım.

Evimə qayıdan kimi Şahnazı Elməddinlə görüşüb-görüşməməsi barədə sorğu-sual etdim. Lakin heç nəyi boynuna almadı.

Bir dəfə Şahnaz telefonda dedi ki, Elməddinlə sevgiliyəm, əcəb edirəm, get əlindən nə gəlirsə elə. Bu dəfə də övladlarıma görə Şahnaza heç nə etmədim. Onu anasıgildən evə gətirdim. Bir dəfə qardaşım Aydın Şahnazın xəyanət etməsi səbəbindən kənddə biabır olduğumuzu, buna görə Bakıya çıxıb gedəcəyini bildirdi və qısa zamanda dediyini etdi. Kənd içərisinə çıxanda hamının mənə qəribə baxdığını, öz aralarında pıçıldaşdıqlarını görəndə çox pis vəziyyətə düşdüm.

Xəcalətimdən, utandığımdan insanların arasına çıxa bilmədim. Şahnazı boşamasam da, Elməddin haqda eşitdiklərimə görə tez-tez onunla aramızda mübahisə baş verirdi”.

“Başqa kişi ilə ailə quracağını bildirdi”

Mahmudun sözlərinə görə, Şahnaz son zamanlar mübahisə edəndə hətta ona əl-qol atıb, xəyanət etməklə yaxşı iş tutduğunu açıq-aşkar nümayiş etdirib: “Belə hərəkətlərinə görə onu öldürmək qərarına gəldim.

2023-cü ilin avqust ayında Şahnaz atası evinə, bacısının ad gününə gedərək bir neçə gün orada qalandan sonra evə qayıtdı. Avqustun 7-də gecə məni yuxudan oyadaraq sirkə turşusu içdiyini dedi, xəstəxanaya aparmağımı istədi. Qonşusunun avtomobili ilə onu xəstəxanaya apardım. Həmin vaxt Şahnaz yaxşı danışa bilmədiyi üçün sirkə turşusu içməsinin səbəbini bilmədim. Sonradan məlum oldu ki, mənimlə arasında olan dava-dalaş nəticəsində belə hərəkət edib.

Şahnaz üç-dörd gün xəstəxanada müalicə olunandan sonra yenə də öz atası evinə getdi. Həmin vaxt uşaqlarım da anasının yanında qaldılar. Şahnazın mobil telefonuna zəng çatmadığı üçün öz telefonumla bacısı Fərqanəyə zəng etdim və bu yolla Şahnazla bir neçə dəfə danışdım.

Şahnaz məni sevmədiyini, ayrılacağını, başqa kişi ilə ailə quracağını bildirdi. Bu sözlərdən daha da əsəbiləşərək onu öldürmək qərarına gəldim. Daha dəqiq desəm, Şahnazı öldürməmişdən iki gün qabaq bu barədə qəti qərara gəldim. Anasıgilin evində qaldığı üçün evdən çıxararaq onu küçədə öldürməyi planlaşdırdım”.

“Bacısına dedim, mağazadan suyu tək al”

Mahmud deyib ki, bundan bir neçə gün sonra prokurorluqdan ona zəng gəlib, Şahnazın sirkə turşusu içməsi ilə bağlı birlikdə prokurorluğa dəvət olunublar:

“Şahnazı evdən çıxartmağa əlverişli şərait yarandığını düşündüm. Avqustun 16-da Fərqanənin mobil telefonuna zəng etdim. Fərqanəni telefonda dilə tutdum, sirkə turşusu içməsi ilə bağlı prokurorluqda izahat verməyə getməyə razı salandan sonra evdən çıxdım. Salyan şəhərində yerləşən mağazaların birindən bıçaq aldım. Sonra “Bayraq meydanı”nın yanındakı dayanacağa tərəf getdim.

Şahnazın bacısı Fərqanə ilə yaxınlıqda poçt məntəqəsinin yanında olduğunu gördüm. Onları şübhələndirməmək üçün gülə-gülə salam verdim, hara getdiklərini soruşdum. Fərqanə su almaq üçün yaxınlıqdakı ərzaq mağazasına getmək istədiklərini bildirdi.

Şahnazı sakit və insanların az olduğu yerdə öldürmək istədiyimdən Fərqanəyə dedim ki, mağazaya özün tək get. O, tək getməyə razılaşmadı. Şahnazı bacısının yanında öldürmək istəmirdim. Lakin başqa yolum qalmadığından poçt məntəqəsinin qarşısında qəflətən cəld hərəkətlə bıçağı şalvarımın sol arxa cibindən çıxardaraq dərhal Şahnazın ürək nahiyəsinə bir zərbə vurdum. Zərbəni zəif vurduğumu hiss etdim.

Bir zərbədən ölməyəcəyini düşünərək bıçaqla dərhal ürək nahiyəsinə ikinci zərbəni endirdim. Fərqanə Şahnaza üçüncü zərbəni vuracağımı düşünərək əlimdən tutdu. Daha zərbə endirmək fikrim olmadığından bıçağı poçtun qarşısında yerə atdım, qaçaraq uzaqlaşdım. Şahnazı bıçaqla vuranda ətrafda və yanımda Fərqanədən başqa heç kim olmayıb”.

“Bütün kənd bilib ki, arvadım Elməddinlə cinsi əlaqədə olub”

Təqsirləndirilən şəxs bildirib ki, baldızı Fərqanə ilə münasibətləri həmişə yaxşı olub: “Fərqanəyə zəng edəndə dedim ki, görüşə Şahnaz tək gəlsin. Amma nə edə bilərdim ki, Fərqanə Şahnazla bir yerdə gəldi. Baldızıma hər hansı şok yaşatmaq fikrim olmayıb. Şahnazın mənə xəyanətinin nəticəsi göz qabağında idi.

Şahnazı iki dəfə sol tərəfdən bıçaqla vurdum. Məqsədim onu öldürmək idi. Həmin vaxt özümdə deyildim. Şahnazı bıçaqla vurduqdan sonra onu maşına qoyub xəstəxanaya aparmaq istəmişəm. Amma nədənsə alınmadı. Hadisə yerindən qaçaraq getdim.

Fəhləliklə çörək pulu qazanıb evimə bazarlıq edirdm. Arvad-uşağıma həmişə yaxşı baxırdım. Onların istədiyi hər şeyi alıb verirdim. Arvadımın dişlərini düzəltdirmişdim.

Qonşu Elməddinin evində olmamışam. Elməddinin həyətimizə daxil olaraq Şahnazla söhbət etdiyini, sonra cinsi əlaqədə olduğunu eşitmişəm. Lakin həmin səhnəni görməmişəm. Bütün kənd bilib ki, arvadım Şahnaz qonşumuz Elməddinlə cinsi əlaqədə olub”.

“Oğlunu özü ilə yatızdırırdı”

İş üzrə zərərçəkmiş Şahnazın hüquqi varisi qismində ifadə verən anası Nigarın sözlərinə görə, əri Vaqif 2001-ci ildə xəstəlikdən öləndən sonra bir daha ailə qurmayıb:

“Vaqiflə nikahdan Aysu, Fərqanə və Şahnaz adında üç qızım doğuldu. Şahnaz evin sonbeşiyi idi, onbirillik tam orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Salyan rayon sakini Mahmudla ailə qurdu. Bu nikahdan iki övladı doğuldu. Onların ailə qurması anidən oldu, bir-birilərini bəyənib ailə qurdular.

Ailə qurduqları vaxtdan Şahnaz öldürüldüyü günə qədər tez-tez Mahmudla arasında söz-söhbət, dava-dalaşları olurdu. Aralarında gərginlik artıq pik həddə çatdı və son beş-altı il ərzində demək olar ki, heç yola getmirdilər. Şahnazın qaynanası onların arasını vurur, oğlunu özü ilə yatızdırır, qızımın uşağını əlindən alaraq özü saxlayırdı. Belə hallar Şahnazı əsəbiləşdirirdi.

Buna görə Mahmuddan boşanmaq həddinə çatdı, məhkəməyə müraciət etdi. Bu söz-söhbətin bitəcəyinə inanaraq, Şahnazı başa saldım ki, ərizəsini geri götürsün, ailəsi dağılmasın, uşaqları atasız qalmasın. O da ərizəsini geri götürdü”.

“Qızıma, ailəsinə yaxşı baxmırdı”

Nigar qeyd edib ki, Mahmud bir dəfə də Şahnazı döyüb: “Şahnaz ondan polisə şikayət etdi, sonra barışdılar. Qızım dəfələrlə Mahmuddan və anasından küsüb evimə gəlib. Lakin barışıq olduğu üçün öz evinə qayıdıb.

Mahmud Şahnaza yaxşı baxmırdı. Onu səbəbsiz yerə döyür, evə yemək almırdı. Qızım hər şeydən korluq çəkirdi. Özü həyətdə pomidor, xiyar, göy-göyərti, kartof əkib-becərir, yarpaq satıb uşaqlarına baxırdı. Son zamanlar hansısa kosmetika firmasında işə düzəlib evdən onlayn formada işləyir, qazandığı pulu özü üçün xərcləyirdi.

İyunun 17-də səhər saatlarında Şahnaz iki uşağı ilə evimə gəldi. Şahnaz qonşuları Elməddinin gecə onun evinə girdiyini, arvadı da gələrək Elməddini onun evindən çıxardığını, onları söyüb təhqir etdiyini dedi. Həmçinin bildirdi ki, həmin vaxt Mahmud evdə deyildi, hadisəyə qaynanası çölə çıxıb, baş verənləri oğluna deyəcəyindən və Mahmudun onu öldürə biləcəyindən qorxduğu üçün bizə gəlib. Bundan az müddət sonra qayınanası gəlib Şahnazı evinə qayıtardı”.

“Öldürəcəyini hamıya danışıb”

Nigar deyib ki, 4 avqust 2023-cü ildə nəvəsinin doğum günü ilə əlaqədar Mahmud Şahnazı onun evinə gətirib, özü isə gedib: “Şahnaz məclisdə iştirak etdi, bir gecə bizdə qaldı, səhəri gün Mahmud onu evinə apardı. Avqustun 7-də gecə saatlarında Mahmud Fərqanəyə zəng edərək Şahnazın sirkə turşusu içdiyini və onu xəstəxanaya apardığını dedi. Şahnaz reanimasiyada olduğu üçün onunla danışa bilmədik. Həmin vaxt nəvələrim mənim evimdə qalırdılar.

Şahnaz müalicə olunub sağalandan sonra xəstəxanadan mənim evimə gəldi. Mahmudun öz anasını ondan çox istədiyini, tez-tez onu döyüb-incitdiyini, ona yaxşı baxmadığını, buna görə də boşanmaq istədiyini, lakin Mahmudun buna imkan vermədiyini, bu səbəbdən ərini qorxutmaq üçün sirkə turşusu içdiyini, ər evinə qayıdarsa, yenidən sirkə içəcəyini dedi.

Şahnazın yenidən sirkə turşusu içməməsi üçün onunla razılaşdım. Bundan sonra Mahmud barışmaq üçün tez-tez Şahnaza zəng etdi. Lakin Şahnaz barışmaq istəmirdi.

Avqustun 16-da Mahmud zəhərlənmə hadisəsinə görə izahat vermək adı ilə Şahnazı telefonda aldadıb, “Bayraq meydanı”nın yanına çağırıb. Fərqanə Şahnazın tək getməməsi üçün onunla birlikdə saat 15 radələrində deyilən yerə gedib.

Bir neçə saat sonra isə Fərqanə evə qayıtdı. Mahmudun küçədə onun yanında Şahnazı öldürdüyünü xəbər verdi. Şahnazın meyitini morqdan götürüb dəfn etdik. Mahmud hər dəfə Şahnaz ondan boşanarsa, onu öldürəcəyini hamıya danışıb. Şahnaz boşanmaq istədiyi üçün Mahmud onu öldürüb”.

“Kimin ağlına gələrdi ki, Mahmud adam öldürər?”

Nigar qeyd edib ki, Mahmud Bakı şəhərinə tez-tez gedib-gələndən sonra Şahnazla münasibətləri gərginləşib: “Qızım uşaqlarını götürüb tez-tez bizə gəlirdi. Deyirdi ki, Mahmud ona baxmır, evə heç nə almır, dolanmaq çətindir, uşaqları və özü üçün yemək tapmır, quru çörəyə də möhtac qalıblar.

Şahnaz dəfələrlə deyirdi ki, boşanmaq istəyir. Mən isə cavab verirdim ki, rayon yeridir, lazım deyil, döz. Şahnazın qayınanası tez-tez bizə gəlir, Mahmudla Şahnazı barışdırmağa çalışır, yalvararaq Şahnazı evinə aparırdı. Mahmud elə oğlan idi ki, kimisə öldürməyə cəsarəti çatmazdı. Kim deyə bilərdi ki, Şahnazı qətlə yetirəcək?

Şahnazın işlətdiyi mobil telefonda başqa kişilərin nömrələri, qonşusu Elməddinin şəkillərinin olduğunu bilməmişəm. Heç nədən xəbərim olmayıb. Aralarında nə kimi münasibət olmasından xəbərsiz qalmışam. Bəzi söz-söhbətləri məhkəmədə eşitmişəm. Mahmud yaxşı kişi olsaydı, Elməddinə nəsə deyərdi. O, yalan danışır. Mahmud anasını çox istəyir. Anası nə deyibsə, onu da edib. Şahnazın qətlində Mahmudun anasının da günahı var.

Baş verən rüsvayçı hadisənin birbaşa səbəbi Mahmudun bir kişi kimi Şahnaza diqqət, qayğı göstərməməsi, qonşu Elməddinin qızımı görmək bahənəsi ilə həyətlərinə daxil olması olub”.

“Fotomu göndərmişəm”

Şahid qismində adı keçən Elməddinin sözlərinə görə, ailəsi ilə birlikdə Salyan rayonunun kəndində yaşayır, işıq montyoru və mexanik işləyir: “Mahmud çəpər qonşumdur, uşaqlıqdan bir yerdə böyümüşük, münasibətimiz həmişə yaxşı olub. Mahmud özü yaxşı insandır, arvadı Şahnaz isə özündənrazı qadındır. Danışıqlarından Mahmudu bəyənmədiyi hiss olunurdu. Tez-tez evimə gəlib-gedirdi. Vatsapda mənə bir neçə dəfə xoş sözlər yazmışdı. Hətta arvadım mesajımı görərək Şahnaza iradını bildimişdi.

Qonşu olduğumuz üçün Şahnazla yaxın münasibət qurmaqdan çəkinmişəm. Dəfələrlə arvadıma Şahnazı bu hərəkətinə görə danlamağı tapşırmışam. Arvadım da Şahnazın hərəkətləri barədə qaynanasına məlumat verdi. Dava-dalaş düşməməsi üçün Mahmuda Şahnazın hərəkətləri barədə heç nə deməmişik. Şahnaza vatsapda 2022-ci ildə xatırlamadığım vaxtda bir dəfə öz fotoşəkilimi göndərmişəm”.

“Məndən xoşu gəldiyini bildirdi”

Elməddin qeyd edib ki, 2023-cü ilin iyunun 16-dan 17-nə keçən gecə evində spirtli içki içərək sərxoş olub, küçəyə çıxaraq tək pivə içməyə başlayıb: “Təxminən saat 2-də Şahnaz küçəyə çıxaraq kənardan mənə evdə tək olduğunu, “rozetkada” nasazlıq olduğunu dedi, baxmağım üçün evinə çağırdı. Bir qonşu kimi Şahnazın arxasınca onun yaşadığı evə girdim. Evdə başqa heç kim yox idi.

Şahnaz dəhlizdəki “rozetkanı” göstərib problem olduğunu dedi. Baxanda nasazlıq görmədim və evdən çıxmaq istəyəndə Şahnaz yaxınlaşaraq əlimdən, qolumdan tutdu, məni özünə tərəf çəkərək qucaqladı. Məndən xoşu gəldiyini bildirdi. Dartınıb əlindən çıxmaq istəyəndə “belə eləmə, gözümdən düşürsən” dedi.

Şahnaza bu hərəkətinin doğru olmadığını, əri Mahmudla yaxşı münasibətim olduğunu dedi. Çölə çıxmaq istəyəndə küçədən arvadım Nazəninin səsini eşitdim. Dərhal qapıdan həyətə çıxdım və Şahnazın evinin qapısı qarşısında arvadımla üz-üzə gəldim.

Arvadım qışqır-bağır salmaq istəyəndə əlimlə onun ağzını tutub küçəyə çıxartdım. Səsə Mahmudun atası və anası da çıxdılar. Arvadım Şahnazın ünvanına nalayiq sözlər dedi, onu güclə sakitləşdirərək evə apardım. Arvadım mənim Şahnazla intim münasibətdə olduğumdan şübhələndiyini dedi, mənimlə dava-dalaş etdi”.

“Onu narahat etdiyini bildirdi”

Elməddinin həyat yoldaşı Nazəninin sözlərinə görə, Mahmudun arvadı Şahnazın onlara gedib-gələndə əri Elməddinlə isti münasibət qurduğunu, onunla şən zarafatlar edib, deyib-güldüyünün şahidi olub: “Heç öz əri Mahmudla belə mehriban münasibətdə deyildi. Hətta bir dəfə Şahnaza bu barədə iradımı da bildirdim.Buna baxmayaraq hərəkətlərini davam etdirdi. Evimə az-az gəlsə də, ərimi küçədə görəndə onunla mehriban davranırdı. Şahnaz həm də çox açıq-saçıq geyimlər geyinir, daim bəzəkli olurdu.

29 iyun 2022-ci ildə ərimin telefonu məndə olanda Şahnazın telefon nömrəsindən onun vatsapına SMS gəldi. SMS mətnində əvvəlcə nöqtə, vergül işarələri, sonra isə “qorxdum pis” sözü yazıldı. Şahnaza cavab verərək Nazənin olduğumu dedim. Ertəsi gün Şahnazın evinə gedərək ona ərimə SMS göndərməsinin, səmimi sözlər yazmasının səbəbini soruşdum. O, müxtəlif bəhanələr gətirdi. Elməddinə bu barədə dedikdə, o, heç nəyi boynuna almadı.

Bundan bir neçə ay sonra Şahnaz yenə də ərimə SMS yazdı. Bu dəfə qaynanasına onun hərəkətləri barədə dedim, onu pis yoldan çəkindirməyi istədim. Telefonda özünə də iradımı bildirdim, küsüb əlaqəmi kəsdim. Ərimlə bu barədə danışanda isə Şahnazın özünün ona ilişdiyini, onu narahat etdiyini bildirdi.

Şahnaz tez-tez ərindən küsüb atası evinə gedəndə vatsap statusunda özünün açıq-sacıq, cəlbedici şəkillərini paylaşırdı. Buna görə bir dəfə Şahnaza iradımı da bildirdim. O da cavab verdi ki, kim məni bəyənirsə belə bəyənsin, geyimim budur”.

“Nalayiq sözlər dedim”

Nazənin qeyd edib ki, 2023-cü ilin iyunun 16-dan 17-nə keçən gecə saatlarında əri Elməddin sərxoş vəziyyətdə evdən çıxaraq harasa gedib və telefonu evdə qoyub: “Xeyli müddət keçməsinə baxmayaraq, evə qayıtmadığı üçün narahat olaraq onu axtarmağa başladım. Küçədə Elməddini tapmadım. Şahnazın evinin yanından keçəndə evin pəncərəsi olmayan otağından qadın-kişi pıçıltısı eşitdim. Gecə vaxtı olduğundan şübhələndim. Səsimi çıxartmayıb qulaq asanda kişi səsinin Elməddinə, qadın səsinin isə Şahnaza məxsus olduğunu bildim.

Pıçıltı ilə danışdıqlarından dialoqun məzmununu tam eşitmədim. Amma Şahnazın “Elməddin, bəsdir, gəl, yoxsa gözümdən düşərsən” sözlərini deməsini eşitdim. Pəncərəyə yaxınlaşaraq Elməddini çölə çağırdım. Həyət darvazasından içəri həyətə keçərək uca səslə deyinə-deyinə Şahnazın evinin pilləkəninə tərəf gedəndə Elməddin evin qapısından cəld çölə çıxıb əlləri ilə ağzımdan tutdu ki, səsim çıxmasın. Həmin vaxt Elməddinin şalvarının qayışı açıq vəziyyətdə idi.

Səsimə Şahnazın qaynanası və qayını çölə çıxdılar. Əsəbiləşdiyim üçün Şahnazın ünvanına nalayiq sözlər dedim. Həyat yoldaşım məni dartıb evə apardı. Evdə onu sorğu-sual etdim. Elməddin Şahnazın özünün onu evə çağırdığını bildirdi. Rüsvayedici hadisədən sonra Elməddin bir neçə gün utandığından mənimlə danışmadı”.

“Kənddə məlumat yayıldığını eşitdim”

Nazənin qeyd edib ki, Mahmud Bakıdan kəndə qayıdanda Elməddinlə heç bir dialoqa girməyib:

“Mahmud kəndə qayıtmamışdan əvvəl anası evimə gələrək nə baş verdiyini soruşduqda, ona Şahnazla Elməddini evdə bir yerdə tutduğumu danışdım, Şahnazı qovmalarını istədim. Səhəri gün qayınanasından eşitdim ki, Şahnaz gecə vaxtı uşaqlarını da götürüb, evdən qaçıb. Az sonra Şahnazın bacısı Fərqanə gələrək bütün təqsirin onda olduğunu iddia etdi. Onlara Şahnazın əxlaqsız hərəkətləri davam edərsə, bu işin yaxşı qurtarmayacağını dedim.

Fərqanənin uşaqlarımın ünvanına qarğış etməsinə dözmədim, onun saçlarını yolaraq evdən qovdum. Bundan on-on beş gün sonra əsəblərim soyumadığı üçün Şahnazın yeni telefon nömrəsini öyrənərək vatsapda ərimlə olan məsələ barədə ona iradımı bildirdim. Şahnaz da mənə nalayiq SMS-lər yazdı. Nigarın evinə getdim, qızı Şahnazdan şikayətlənmək istədim. Bu zaman Şahnaz həyətə çıxıb üstümə hücum çəkərək ünvanıma nalayiq sözlər dedi.

Bundan sonra Şahnazın Elməddinlə olan münasibəti barədə qonşularımıza ətraflı danışdım. Daha sonra kənd sakinləri arasında hadisə barədə məlumat yayıldığını eşitdim”.

Nazənin qeyd edib ki, Şahnazın evdə və ya başqa yerdə əri Elməddindən başqa yad kişilərlə görüşüb-görüşmədiyini dəqiq bilməyib: “Ancaq onun tez-tez uzun-uzadı telefonla danışdığını görmüşəm. Avqust ayının əvvəlində qonşulardan eşitdim ki, Şahnaz sirkə içib xəstəxanaya düşüb. Lakin onun bunu nə üçün etdiyini bilməmişəm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov