“Kürd Elnur” ləqəbli kriminal avtoritet Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirlilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət qaldırıb. O, müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Daha sonra prokuror Babaxan Həsənəliyev işin baxışa verilməsini təklif edib.
Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin vəkilinin təqdim etdiyi vəsatəti təmin etməyib və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası iyulun 17-nə təyin edilib.
Qeyd edək ki, Elnur Abbasov bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir.