3 Oktyabr 14:11
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən "Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində tanınan İlqar Mustafayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Onun sözlərinə görə, Hüseyn Abdullayevi 1995-ci ildən tanıyıb: "Hüseyn Abdullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu bilirdim. Mən onun mağazasında, daha sonra isə restoranında inzibati işlərdə işləyirdim. Hüseyn Abdullayevin şirkətlərinə qeyri-rəsmi Nizami Xəlilov nəzarət edirdi. Mən də uzun müddət onun ailə üzvlərinə məxsus şirkətlərdə işləmişəm və 2015-ci ilin sonlarında əməkdaşlığı dayandırmışam".

İlqar Mustafayev bildirib ki, Hüseyn Abdullayevin xaricdəki fəaliyyəti və oradan gələn pullarla bağlı məlumatı olub. Bildirib ki, Hüseyn Abdullayevə xaricdən külli miqdarda pul gəldiyini bildirib:

"Xaricdən gələn pullarla bağlı ona hər hansı bir sual vermək ixtiyarımız yox idi. Bu pullara onun mühasibi Azadə Cəfərova nəzarət edirdi. O, Hüseyn Abdullayevin etibar etdiyi şəxslərdən biri idi. Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi. Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımı banka qədər müşayət edirdim".

Daha sonra şahid qismində Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva dindirilməsi üçün məhkəməyə dəvət olunub. Zeynəb Abdullayeva bildirib ki, oğlunun əleyhinə ifadə vermək istəmir. O, məhkəmədə ifadə verməkdən imtina edib.

Daha sonra hakim iş üzrə məhkəməyə daxil olan bir neçə teleqramı səsləndirib. Ağasəfər Ələkbərov vurduğu teleqramda bildirib ki, Hwseyn Abdullayevdən heç bir şikayəti yoxdur: "Hüseyn Abdullayev hələ deputat olan zaman Yasamal rayonunda mənə məxsus evdən köçməyim üçün onun işçisi Nüsrət adlı şəxs pul təklif etmişdi, lakin biz köçməkdən imtina etmişdik. Buna görə də evin yaxınlığında olan binanın su borusunu qəsdən deşmişdilər və evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq".

Daha sonra digər şahid Nüsrətddin Babayevin də məhkəmə vurduğu teleqram elan olunub. O da Hüseyn Abdullayeva qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Bu ərəfədə təcridxanadan prosesə onlayn qoşulan müttəhim səhhətindən gileylənib, narazılığını dilə gətirib: “Mənim vəziyyətim pisdir. Nə bilirsiz mən qeyri-qanuni gəlir əldə etmişəm? Bir dənə fakt qoyun ortaya, dayana bilmirəm, qurtarın bu işi".

Məhkəmənin növbəti iclası 17 oktyabra təyin olunub.

İttihama görə,, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.

Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hakim Abdullayevin nəzərinə çatdırıb ki, təqsirli bilinərsə, 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
İttihama münasibət bildirən Hüseyn Abdullayev özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər