Həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb və onunla birlikdə ittiham olunan idmançı Elman Mirzəyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq prosesə zamində olan Elman Mirzəyev vaxtından gec gəldiyi məlum olub.
Hakim ona xəbərdarlıq edib. Hakim deyib ki, bir də belə hərəkət olsa, onun barəsində tədbir görüləcək.
Daha sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. Onun səsləndirdiyi ittihamdan məlum olur ki, Səbuhi Rəcəbə yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.
Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb.
Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.
İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş.
Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə İ.Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək.
Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İ.Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İdmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vədi verərək külli miqdarda pul ələ keçiriblər.
İttihama münasibət bildirən Səbuhi Rəcəb ona elan olunmuş özünü təqsirli bilməyib. Digər təqsirləndirilən şəxsə də özünü təqsirli bilməyib.
Prosesə sədrlik edən hakimlər əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə məhkəmənin başlanmasını təklif edib. Prokuror da bu təkliflə razılaşıb.
Təqsirləndirilən şəxslərin vəkilləri əvvəlcə zərərçəkmiş şəxslərin dindirilməsini istəyiblər.
Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxslər özlərini təqsirli bilmirlər, bu səbəbdən də əvvəlcə zərərçəkmişlərin dindirilməsi məqsədə uyğun hesab etməyiblər.
Amma məhkəmə əvvəlcə təqsirləndirilən şəxslərin, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi barədə qərar qəbul ediblər.
Növbəti proses oktyabrın 14-də davam edəcək.
Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də sonradan ev dustaqlığına buraxılıb.