ABŞ-da günahsız yerə 48 il həbsxanada cəza çəkən məhkuma təzminat ödəniləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
71 yaşlı keçmiş məhbus Qlin Simmons azadlığa çıxandan sonra onun həbsində əli olan məmurları məhkəməyə verib. Simmons hesab edir ki, detektivlər onun işini saxtalaşdırıblar.
Elmond Şəhər Şurası iddianın məhkəmədənkənar həllinə nail olub, nəticədə Simmonsa 7,2 milyon dollar (12,2 milyon manat) təzminat ödəniləcək.
Simmons 1974-cü ildə Edmond şəhərində içki mağazasına basqın etməkdə, iki qadını güllələməkdə təqsirli bilinib. Bildirilir ki, məhkəmə zamanı Simmonsun həmin gün başqa şəhərdə göründüyünə şahidlik edə biləcək şəxsləri münsiflər heyəti dinləməyib.
2023-cü ildə 48 il sonra məhkəmə Simmonsu təqsirsiz hesab edərək onu azadlığa buraxıb. Bu, ABŞ-da günahsız bir insanın çəkdiyi ən uzun cəzadır.