11 Sentyabr 18:03
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Nuridə Seyidova tərəflərin suallarını cavablandırıb.

Nuridə Seyidova bildirib ki, Aynur Bayramova ilə tanış olana kimi talasemiyalı xəstələrlə işləməyib. O bildirib ki, bu xəstə yaxınlarının hamısını Aynur Bayramova ilə Aysel Məmmədova onun yanına gətirib: "Mən Aynurla məhz bu işlər üçün tanış olmuşam".

Bu zaman Aynur Bayramova Nuridə Seyidovanın sözünü kəsib və onu yalan danışmaqda ittiham edib.

Bu zaman prosesə sədrlik edən hakim isə təqsirləndirilən şəxslərin hansı vəzifəli şəxslərlə iş görməsi ilə maraqlanıb: “Mənə konkret olaraq deyin görüm, hansı xəstəxana rəhbərləri və hansı vəzifəli şəxslər sizlə iş görüb. Və ya sizə başqa yollarla müalicə məqsədi ilə xəstələr göndərib? Baxıram, işin içində bir neçə vəzifəli şəxsin adı keçir. Heç bilmirəm istintaq orqanı onları dindirib, yoxsa yox. Kimdir onlar?".

Təqsirləndirilən Nuridə Seyidova hakimi maraqlandıran sualların cavabında bir neçə məşhur klinikada çalışan həkimlərin adını çəkib. O etiraf edib ki, Mərkəzi Klinikadan cərrah Tariel həkim, Mərkəzi Gömrük Hospitalından Mircəlal doktor Aysel vasitəsi ilə rəhbərlik etdiyi şirkətlərə xəstələr göndərib.

Qeyd edək ki, bundan əvvəlki iclasların birində təqsirləndirilən Aysel Məmmədova da eyni həkimlərin adını çəkmişdi. O, bu dəfə də əvvəl dediyini təsdiq edib. Əlavə edib ki, Mircəlal doktorla Nuridə Seyidova şəxsən danışırdı. O, əvvəldən də xaricə adam göndərdiyi üçün tanınırmış.

Prosesin davamında digər önəmli məsələyə toxunulub. Məlum olduğu kimi, bu iş üzrə zərərçəkmişlərdən 1 milyon manat pul alınıb. Amma maraqlıdır ki, həmin pulların aqibəti bilinmir.

Hakim bəyan edib ki, bütün banklara sorğu verilib, 300-500 manat kimi xırda məbləğlər istisna olmaqla, əlavə heç bir köçürmə aşkar edilməyib: “O gün mənə 500 dollar pul lazım idi. Heç yerdən ala bilmədim. Amma sizin ifadələrdə var ki, kifayət qədər pulları dollara çevirmisiz. Həmin pulla da ödənişlər etmisiniz. Bu necə olur, neyləmisiz 1 milyon dolları?”.

Nuridə Seyidova isə həmin məsələni belə əsaslandırıb ki, bütün ödənişlər fiziki şəxslərin adı ilə həyata keçirilib. Məsələn, sürücünün adından ödəniş olunub.

Daha sonra Aynur Bayramova sərbəst ifadə verməyə başlayıb. O, əvvəl iş üçün o qədər də əhəmiyyətli olmayan məsələlərdən danışdığı üçün ona hakim tərəfindən xəbərdarlıq edilib. Hakim bunu ifadədən yayınmaq kimi qiymətləndirib. Bundan sonra o, əsas məsələlərə toxunub.

Aynur Bayramova bildirib ki, Nuridə ilə birgə çalışmaqdan əlavə rəsmi olaraq “Medical Park Antalya” klinikasında işləyib. Həmin klinikanın rəhbəri Səbahəddin də Nuridə Seyidova ilə iş görüb: “Səhabəddin doktor mənə tapşırmışdı ki, Nuridə ilə iş görüm. Deyirdi onun yaxşı müştəriləri var, klinika üçün də lazımlı adamdır. Sonradan Nuridə “Çinar Plaza”da ofis götürdü. Səbahəddin müəllimlə də belə razılaşdılar ki, mən onun şirkətində də işləyəcəm. Səbahəddin ilə Nuridə arasında olan razılaşma isə belə idi ki, Nuridə göndərəcəyi xəstələrin pulundan 20 faizini geri alacaq. Həmin 20 faizdən də 1 faiz mənə verilməli idi. Amma mən “Medical Park Antalya”dan da aylıq maaşımı alırdım”.

Hakimə qaranlıq qalan başqa bir məsələ isə Nuridə Seyidovanın xəstə uşaqların müalicəsi üçün necə sponsor tapmasıdır: “Hamımız bilirik ki, talasemiya əməliyyatları çox bahadır. Tutaq ki, xəstənin 20 min manatı var, bəs lazım olan digər 60-70 mini hardan tapırdın, kim idi sponsorunuz? Onu deyin” - deyə hakim qeyd edib.

Aynur Bayramova bu suala geniş cavab verməsə də, Nuridə Seyidovanın donorlarının bu işlərdə əsas rol oynadığını bildirib.

Növbəti iclas sentyabrın 27-də davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.
O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər